Böyük Britaniyada yeni daşınmaz əmlak qiymətləri fevral ayında 2,3% artıb ki, bu da 20 ildən çox bir müddət ərzində qeydə alınan ən yüksək aylıq artım tempidir.
"APA-Economics" xəbər verir ki, bu barədə "Rightmove" portalı yazır
Qeyd olunur ki, yeni daşınmaz əmlakın ilkin satış qiyməti bu ay 7 785 funt sterlinq (10 599 ABŞ dolları) artıb, bununla da orta qiyməti rekord həddə – 348 804 funt sterlinqə (473 207 dollar) çatıb.
İllik ifadədə artım 9,5%-dək sürətlənib ki, bu da 2014-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir. Bu, bir daha Britaniyanın daşınmaz əmlak bazarının həddindən artıq "qızdığını" göstərir. Bundan əlavə, potensial alıcılar tərəfindən daşınmaz əmlak haqqında məlumat sorğularının sayı illik ifadədə 16% artıb.
Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və şirkət işçilərinin tədricən ofislərə qayıtması ilə, xüsusən də Londonda daşınmaz əmlaka tələbat artmaqda davam edir. Yanvarda Britaniya paytaxtında ölkənin digər hissələri ilə müqayisədə daşınmaz əmlak haqqında məlumat üçün sorğu göndərən potensial alıcıların sayında ən böyük artım qeydə alınıb. Londonda evlərin qiymətləri fevralda rekord həddə çatıb ki, bu da 2016-cı ildən bəri ən yüksək artımdır.