Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
“APA-Economics” xəbər verir ki, kommersiya işlərinə dair onlayn məhkəmə iclaslarının ictimaiyyət üçün açıqlığı imkanının araşdırılması və nəticəsi üzrə təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə nəzərdə tutulur.
Qeyd edilib ki, icra hərəkətlərinin həyata keçirilməsi zamanı yalnız nağdsız hesablaşmaların tətbiqi ilə bağlı müvafiq təhlillərin aparılması və nəticələri üzrə təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi, tələbin borclunun elektron pul təşkilatlarında olan vəsaitlərinə yönəldilməsi ilə bağlı müvafiq təhlillərin aparılması və nəticələri üzrə təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi, məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması istiqamətində təhlillərin aparılması və nəticələri üzrə təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi 1 avqust 2024-cü il tarixinə nəzərədə tutulur.
Məhkəmələr tərəfindən icraata daxil olmuş və həll olunmuş müxtəlif kateqoriyalı kommersiya işlərinin sayına, baxılma müddətlərinə (əmsalına), həllolunma əmsalına (clearance rate) dair hesabatın hazırlanması və Vahid Məhkəmə Portalında hər bir kommersiya məhkəməsinin səhifəsində yerləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi 1 avqust 2024-cü il tarixində, hakimlərin gender faktoru üzrə statistik hesabatların (instansiyalar, kollegiyalar və inzibati hakim vəzifələri üzrə) verilməsi ilə bağlı təşkilati tədbirlərin görülməsi və müvafiq məlumat bazasının formalaşdırılması 1 sentyabr 2024-cü il tarixində, beynəlxalq təcrübə nəzərə alınmaqla, icra sənədinin icrası çərçivəsində ortalama müddətlər, xərclər, habelə kateqoriyalar üzrə həll edilmiş və həll olunmamış işlərin sayı barədə statistik məlumatların hazırlanması metodologiyasının müəyyənləşdirilməsi və həmin məlumatların dərc edilməsi isə 1 oktyabr tarixində həyata keçiriləcək.
Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupu”na rəhbərliyi Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Toğrul Hüseynov həyata keçirir.