Çinin üç ən böyük aviadaşıyıcısı — "Air China", "China Eastern Airlines" və "China Southern Airlines" ilin birinci yarısını zərərlə başa vurub.
"APA-Economics" xəbər verir ki, buna daxili reyslər üzrə aviabiletlərin aşağı qiymətləri və Yaxın Şərqdəki münaqişə fonunda aviasiya yanacağının bahalaşması təsir edib.
“The Wall Street Journal”ın məlumatına görə, üç şirkətin ümumi zərəri təxminən 8,17 milyard yuan (1,2 milyard ABŞ dolları) təşkil edib. Aviaşirkətlər iyulda zərərin 9 milyard yuana yaxınlaşa biləcəyi barədə xəbərdarlıq etmişdilər.
Bununla belə, ilin birinci rübündə yüksək tələbat, xüsusilə beynəlxalq marşrutlarda sərnişin axınının artması hesabına bu şirkətlərin ümumi mənfəəti 4,82 milyard yuan olmuşdu.
Yanvar-iyun aylarında "Air China" 2,29 milyard yuan xalis zərər açıqlayıb. Ötən ilin eyni dövründə bu göstərici 1,8 milyard yuan idi. "China Eastern Airlines"ın zərəri 1,43 milyard yuandan 2,18 milyard yuana, "China Southern Airlines"ın zərəri isə 1,53 milyard yuandan 3,7 milyard yuana yüksəlib.
Eyni zamanda, aviasiya yanacağı üzrə xərclər 35-38% artıb.
Gəlirlərdə isə artım qeydə alınıb. "Air China"nın gəlirləri 10,5%, "China Eastern Airlines"ın 11%, "China Southern Airlines"ın isə 9,7% yüksəlib.
“China Eastern” bildirib ki, beynəlxalq marşrutlardakı fasilələr və aviasiya yanacağının davamlı yüksək qiymətləri sektorun gəlirliliyini “əhəmiyyətli dərəcədə zəiflədib”.
Çinin Mülki Aviasiya Administrasiyasının məlumatına görə, yanvar-iyun aylarında sərnişin daşımalarının həcmi 1% artaraq 380 milyon nəfərə çatıb.
Bazar ertəsi Şanxay birjasında "Air China" səhmləri 1,7%, "China Eastern Airlines" 2%, "China Southern Airlines" isə 1% ucuzlaşıb. İlin əvvəlindən etibarən şirkətlərin bazar kapitallaşması müvafiq olaraq 38%, 42% və 37,5% azalıb.