DSMF-yə vəsaitlərini banklara yatırmaq imkanı yaradılıb

DSMF-yə vəsaitlərini banklara yatırmaq imkanı yaradılıb
# 06 sentyabr 2022 17:31 (UTC +04:00)

“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu Qayda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” dövlət icbari şəxsi sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını müəyyən edir.
Sığorta vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
- “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayən- dəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları və “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 dekabr tarixli 697 nömrəli Fərmanı ilə müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;
- kreditlər;
- sığorta ehtiyatının aşağıdakı təhlükəsizlik göstəriciləri üzrə meyarlardan birinə cavab verən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər:
beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklar;
Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklar;
- qanunla qadağan edilməyən digər mənbələr.
Sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 (beş) faizədək hissəsi sığorta ehtiyatına yönəldilir.
Sığorta vəsaiti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi xəzinə hesabında toplanılır və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürülür.
Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən sığorta ehtiyatında vəsaitin toplanılması və ondan istifadə edilməsi məqsədilə Fondun müvafiq bank hesabları açılır.
Hər ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.
Sığorta vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur:
- dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi;
- sığorta ehtiyatının yaradılması;
-Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
- idarəetmə xərclərinin ödənilməsi (sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 (beş) faizədək hissəsi);
- qanunla müəyyən edilən digər istiqamətlər.
Hər il üçün dövlət icbari şəxsi sığorta üzrə gəlir və xərclərin bu Qaydada qeyd edilmiş istiqamətlər üzrə bölgüsü Nazirlik tərəfindən təsdiq edilir.
Sığorta ehtiyatından aşağıdakı istiqamətlərdə istifadə olunur:
- sığorta ödənişi almaq hüququ olan şəxslərin sayında kəskin
artım nəticəsində sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsirin maliyyələşdirilməsi;
- sığorta ehtiyatının həcmi sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının həcminin artırılması dayan- dırılmaqla, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir hesabına bu Qaydada nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi.
Sığorta ehtiyatı bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğun olan banklarda (bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20 faizindən çox olmamaq şərtilə) depozitə yerləşdirilir.
Bu Qaydada nəzərdə tutulan tədbirləri Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi həyata keçirir. Agentlik bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitə dair sifarişi Fondla razılaşdırmaqla, bu Qaydada göstərilən bölgüdə nəzərə alınması məqsədilə Nazirliyə təqdim edir.
Fond tərəfindən bu Qayda nəzərə alınmaqla, bu Qaydada nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyin bank hesabına köçürülür.

Qaydaya əsasən, əvvəlki il Fond tərəfindən köçürülən vəsaitlər üzrə xərclərə dair Nazirliyin təsdiq etdiyi formada hesabatı, habelə görülən işlərə dair məlumatları Agentlik hər il fevralın 1-dək Fonda təqdim edir.
Fond bu Qaydada göstərilən məlumatları, habelə sığorta vəsaitlərinin istifadəsinə dair Nazirliyin təsdiq etdiyi formada icmal hesabatı hər il fevralın 15-dək Nazirliyə, Nazirlik isə hər il martın 1-dək Nazirlər Kabinetinə təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR