Ötən ilin sonunda dünyanın ən böyük hecinq fondlarının 15 top-menecerləri ümumilikdə 15,8 mlrd. ABŞ dolları qazanıblar.
"APA-Economics"in "Bloomberg"in hesablamalarına istinadən verdiyi məlumata görə, birinci sırada ən məşhur menecerlərdən biri – "Citadel" hecinq fondunun rəhbəri Kennet Qriffin qərarlaşıb. Onun qazancı 2,5 mlrd. dollar məbləğində qiymətləndirilir. İkinci yerə 2,3 mlrd. dollarla TCI hecinq fondunun təsisçisi və rəhbəri britaniyalı Kristofer Hon layiq görülüb. İlk üçlüyü 2 mlrd. dollarla SRS fondunun idarəedici partnyoru Kartik Sarma qapadır.
"Bloomberg" qeyd edir ki, bazar dəyişkənliyi hecinq fondu menecerlərinə keçən il yaxşı nəticələr əldə etməyə kömək edib. Məsələn, Kartik Sarma pulunun böyük hissəsini avtomobil kirayəsi ilə məşğul olan "Avis" şirkətinin səhmlərini əldə etməklə qazanıb. Belə ki, bu şirkətin səhmləri COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması və turizmin canlanması fonunda ötən il beş dəfə bahalaşıb.
Öz növbəsində, "Senvest Capital" hecinq fondu təkcə 2021-ci ilin yanvarında "Gamestop"un səhmlərindən 123 mln. dollar qazanıb. Sözügedən səhmlər pərakəndə investorların tələsik tələbi səbəbindən 15 dəfə bahalaşıb. Eyni zamanda, hecinq fondu "Gamestop" səhmlərindən mənfəət götürərək fevral ayında ucuzlaşmağa başlamazdan əvvəl çıxmağı bacarıb.
Xatırladaq ki, hecinq fondu müəyyən bir risk üçün gəliri maksimuma çatdırmağa və ya müəyyən bir gəlir üçün riski minimuma endirməyə yönəlmiş investisiya fondudur. Bu, investorların maraqlarına uyğun olaraq peşəkarlar tərəfindən idarə olunan investorların aktivləri toplusudur.