Azərbaycan Respublikası Hesablama Palatası Kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisində müzakirə edilməsini tövsiyə edib.
Palatadan “APA-Economics”ə verilən məlumata görə, bu qərar Palatanın kollegiya iclası zamanı verilib.
Məlumata əsasən, bundan başqa, kollegiya zamanı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələrinin parlamentdə müzakirə edilməsi tövsiyə olunub.
Kollegiya iclasında həyata keçirilmiş Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan “Azərsu” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbiri üzrə Auditor Hesabatı da müzakirə olunub, Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq edilib. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatın göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.