Aparılan qiymətləndirmələr Qanun layihəsinin “Büdcə sistemi haqqında” qanunun müəyyən etdiyi tələblərə əsasən uyğun olduğunu göstərir. Eyni zamanda Hesablama Palatası tərəfindən bəzi maddələrlə bağlı dəqiqləşdirilmələr də təklif edilib.
APA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında "2024-cü il üçün büdcə Zərfi"nin müzakirəsi zamanı deyib.
Hesablama Palatasının sədri bildirib ki, 2024-cü il üçün təqdim edilən sənədlərdə bir sıra yeniliklər tətbiq edilib: “İlk dəfə olaraq, 2024-2027-ci illərdə əvvəlki dövr çağırışlarının aktuallığına dair məlumat verilib, məqsədli proqram və tədbirlərə dair ayrıca sənəd büdcə sənədləşməsinə daxil edilib. Bundan əlavə, DİM-lərin maliyyələşdirilməsi istiqamətində görülmüş tədbirlərə dair məlumatların verilməsini, fiskal risklərlə bağlı əvvəlki illərə nisbətən qiymətləndirilmənin artırılmasını da bu addımlara aid edə bilərik. Bu istiqamətdə görülən işlər bir qədər genişləndirilə bilər. Qənaətimiz odur ki, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər, yəni büdcə sənədləşməsi “Büdcə sistemi haqqında” qanun ilə müəyyən edilmiş tələblərə uyğundur. 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır”.
Vüqar Gülməmmədov qeyd edib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji məqsədlər üzrə hədəfləri baza kimi istifadə olunan makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında diqqətdə saxlanıb: “Strategiyanın əksər tədbirlərinin 2024-cü il üçün maliyyə təminatı icraçı qurumlar üzrə ayrıca göstərilib. Bu da ölkənin ən vacib strateji sənədinin tədbirlərinin maliyyə təminatının dövlət büdcəsində tam və ya qismən nəzərə alındığını deməyə imkan verir. Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması zamanı əsas inzibatçı qurumlar Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üzrə yeni yanaşmadan istifadə olunub. Aparılan qiymətləndirmələr proqnozlaşdırılmış göstəricilərin metodologiyaya uyğun olduğunu və baza ssenari üzrə proqnoz göstəriciləri dəyişməyəcəyi şəraitdə qeyri-neft gəlirlərinin icrasında risklərin olmayacağını, bəzi tədiyə növləri üzrə müəyyən potensialın olduğunu deməyə əsas verir. Əksinə, baza ssenarinin artım istiqamətində dəyişməsi, başqa sözlə proqnozların optimist ssenariyə uyğun icrası Dövlət Neft Fondu üzrə qənaət imkanlarının formalaşmasına xidmət edəcək. 2024-cü ildə dövlət büdcəsinin xərclərinin cari ilə nisbətən demək olar ki, dəyişməyəcəyi proqnozlaşdırılıb. 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə proqnozlaşdırılan məbləğ əsasən keçid layihələr üzrə nəzərdə tutulub. Aparılan təhlillər büdcə kəsirinin örtülməsi üçün daha çox borclanmadan istifadə ediləcəyini, vahid xəzinə hesabının qalığının töhfəsinin az olacağı qənaətinə gəlməyə imkan verir”.