Müqavilənin icra müddətinin dəyişdirilməsi halları hədsiz çoxalmağa başlayıb. Müqavilənin icra müddətinin dəyişdirilməsi müqavilənin öhdəliklərinin dəyişilməsinə səbəb olur.
“APA-Economics” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Hansısa qiymətlə qalib gəlmiş müəssisə sonradan müqavilənin icra müddətini dəyişməklə daha əlverişli, güzəştli müddət müəyyən edir. Bu halların sayı çoxalıb. Qarşı tərəflərin – nəinki mal verənlərin, eyni zamanda sifarişçinin də öhdəliklərinin vaxtında icra edilməməsi məsələləri var. Qarşı tərəfin mallarının vaxtında verilməməsi ilə yanaşı tam icra edilməməsi məsələləri var. Bu şərtlər daxilində hər iki tərəfin bir-birinə müqavilədə nəzərdə tutulduğu halda belə cərimə tətbiq etməməsi halı var. Bu, nədənsə xəbər verir. Hər ikisi cərimə tətbiq etmək istəmir”, - deyə Vüqar Gülməmmədov vurğulayıb.