2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 955,9 mln. manat, büdcə xərcləri isə 2 764,5 mln. manat təşkil edib. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirib ki, beləliklə profisit 191,4 mln. manata bərabər olub.
"APA-Economics"in fonda istinadən verdiyi xəbərə görə, 2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 616,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 845,6 mln. manat, bonus ödənişləri 765,3 mln. manat, tranzit gəlirləri 5,8 mln. manat təşkil edib. Beləliklə, qeyd edilən dövrdə ARDNF – nin 2022-ci il büdcəsinin Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnozanisbətən təqribən 45% səviyyəsində icra edilib.
Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 660,8 mln. manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir 214,3 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 2 757,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 mln. manat yönəldilib.
2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,3 mln. manat təşkil edib.
2022-ci il martın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 mln. ABŞ dolları) nisbətən 0,53 % artaraq 45 264,0 mln. ABŞ dolları təşkil edib.
Cari ilin ilk rübündəki qlobal makro-iqtisadi və geo-siyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirib. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər eləcə də, post pandemiya və geo-siyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırki qeyri - ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olub ki, bu da ARDNF – nin investisiya portfelinə təsirsiz ötüşməyib.