Dövlət istiqrazlarının emissiyasının dayandırılması kapital bazarlarına təsir edir.
Bunu “APA-Economics”in sualına cavab olaraq “Pașa Kapital” şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev deyib.
O bildirib ki, istiqrazların dayandırılmasının ümumi bazara təsiri ola bilər. Maliyyə Nazirliyi yerli bazarda ən böyük “emitentdir” və indi onların büdcə siyasəti bir qədər fərqlidir. Lakin buna baxmayaraq təqribi olaraq bazardan 5,8 milyard manat cəlb etməlidirlər. Bu da ondan xəbər verir ki, büdcə kəsiri yaranarsa və iri layihələr reallaşarsa onlar bazara çıxmaq məcburiyyətində qalacaqlar.
C.Hacıyev bundan əlavə dövlət istiqrazlarının buraxılışının dayandırılmasının müsbət tərəflərinin olduğunu da deyib: “Müsbət cəhəti isə ondan ibarətdir ki, korporativ istiqrazalara maraq artır. Çünki hüquqi şəxslər, eləcə də banklar və sığorta şirkətləri Maliyyə Nazirliyinin istiqrazlarını investisiya edə bilmirlər. Bu da bazar üçün yeni fürsətlər deməkdir. Fikrimcə, investisiya şirkətləri və emitentlər üçün yaxşı fürsətdir ki, öz qiymətli kağızlarını yerli bazarda buraxsınlar və aktiv şəkildə marketinq eləsinlər”.
Bununla belə, Ceyhun Hacıyev hesab edir ki, böyük ehtimalla Maliyyə Nazirliyi bir müddətdən sonra yenidən bazara qayıdacaq və istiqrazların müxtəlif həcmlərdə buraxılışına başlanacaq.
Xatırladaq ki, bu il mayın 23-də Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov qısa müddət sonra dövlət istiqrazlarının emissiyasına yenidən başlanacağını bildirib.