Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib. Ölkə başçısı öz nitqində Azərbaycanda iqtisadi sahədə görülən işlər və əldə edilən nəticələrlə bağlı önəmli məsələlərə toxunub.
İqtisadi dinamika müsbətdir
Prezident cari ildə ölkədə iqtisadi göstəricilərin müsbət olduğunu bildirib. Belə ki, səkkiz ayda iqtisadiyyat 4%-dən çox artıb, qeyri-neft sektorunda isə bu artım 7% olub. Görülən işlər nəticəsində ölkədə xarici borcun ümumi daxili məhsusal (ÜDM) nisbəti 7,5% təşkil edir. O qeyd edib ki, 2018-ci ildən bəri Azərbaycanda 7 milyard manat məbləğində dörd sosial islahat paketi həyata keçirilib və bu paketlər 4 milyon insanı əhatə edib.
Ölkə başçısı Qarabağ və Şərqi Zəngəzur üzrə müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsaitin 19 milyard manat olduğunu deyib. O bildirib ki, bu vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaq.
Qeyri-neft sektorunun payı və ÜDM artır
İqtisadçı-ekspert Eldəniz Əmirov “APA-Economics”ə açıqlamasında ölkə başçısının toxunduğu bu və digər iqtisadi məqamlarla bağlı münasibət bildirib.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ildən sonrakı 4 ildə davamlı artım müşahidə etdirir:
“2020-ci ildə əksər ölkələrdə pandemiya səbəbindən iqtisadi artım əngəllənmişdi. Sonrakı ildə Azərbaycanda 5,6% iqtisadi artım tempi qeydə alınıb. 2022-ci ildə bu artım 4,6%-ə, 2023-cü ildə isə 1,1%-ə bərabər olub. Bu ilin 8 ayında isə iqtisadi artım 4%-in üzərindədir. Bunun böyük hissəsi qeyri-neft sektorunda olan göstəricilərdən qaynaqlanır. Belə ki, bu ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə artım tempi 7% olub”.
E.Əmirov son illərdə ölkənin iqtisadi mənzərəsində ÜDM-in artmasını xüsusi vurğulayıb:
“Ümumiyyətlə iqtisadiyyatın istər xarici borc, istərsə də əmək haqqı, pensiya və bu qəbildən olan digər istiqamətlərdə olan artımın kökündə dayanan başlıca faktor ümumiqtisadi artım göstəriciləridir. ÜDM-in istehsal səviyyəsi və artım dinamikliyi yuxarı olduqda digər göstəriciləri də qənaətbəxş səviyyədə saxlamaq və artırmaq olur. Azərbaycanda ÜDM-in artması imkan verir ki, qeyd edilən istiqamətlərdə nəaliyyətlərə imza atılsın. Hesab edirəm ki, 2025-ci ildə ölkədə də həm sosial siyasət, həm xarici iqtisadi siyasət, həm də qeyri-neft sektorunun payında artımın davamlı xarakter alması kimi proseslər baş verəcək. Eynilə də sosial siyasətin davamlılığı təmin olunacaq”.
Əmək haqları artırılacaq
O, qeyd edib ki, əslində sosial siyasətin davamlılığının təmin olunması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafından keçir:
“Düşünürəm ki, mövcud vəziyyət 2025-ci ildə minimum əmək haqqının təxminən 16% artırılmasına imkan verəcək. Çünki, 2023-cü ilin 1 yanvarından təyin edilmiş 345 manat minimum əmək haqqı infiyasiya amilləri nəzərə alınaraq indeksasiya edilməlidir. Hazırkı vəziyyətdə ehtimal edirəm ki, bu məbləğ 55 manat artırılaraq 400 manata çatdırıla bilər. Minimim əmək haqqının artması isə digər istiqamətlərdə olan əmək haqlarının da artımını şərtləndirəcək. Çünki tarif cədvəlinin yenidən işlənməsi zamanı minimum əmək haqqından yuxarı olan əmək haqqılarında da artımlar olacaq. Pensiyalar da orta aylıq nominal əmək haqqının artım dinamikasına uyğun formalaşacaq. Odur ki, pensiyaların da artım faizinin ikirəqəmli ədədlə ifadə ediləcəyini düşünürəm”.
E.Əmirov Prezidentin öz çıxışında işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı fikirlərini də şərh edib:
“Ölkə başçısı işğaldan azad olunmuş ərazilərimizdə böyük həcmli işlərin görülməkdə olduğunu və davamlı xarakter alacağını vurğuladı. Bu ilin sonuna qədər sözügedən istiqamətdə 19 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Müharibədən sonrakı ilk ildə bu sahədə dövlət büdcəsindən cəmi 2,2 milyard manat vəsait ayrılmışdı. Hazırda isə 20 milyard manata yaxın vəsaitdən danışırıq. Ayrılan vəsait və görülən işlər arasında əlaqə ondan ibarətdir ki, hər il özündən əvvəlki ilə müqayisədə daha sürətli və daha geniş miqyaslı işlər görülür.
Hərbi zavodlar məşğulluğa təsir edir
Eyni zamanda Azərbaycan öz ordu quruculuğunu təkcə idxal hesabına deyil, həm də yerli hərbi sənaye müəssisələrinin yaradılması hesabına təmin edir. Bu da hərbi sənayeyə investisiya həcmlərinin artırılmasını tələb edir. Hərbi zavodların genişmiqyaslı modernləşdirilməsi üçün də əlavə vəsait tələb olunur. İstər avadanlıq, texnika və silah-sursatların Azərbaycanda istehsal olunaraq ordumuzun ixtiyarına verilməsi, istərsə də bu istehsalın müəyyən hissəsinin ixrac olunması iqtisadiyyatımız üçün töhfədir”.
O, qeyd edib ki, hərbi sahədə həm təchizat məsələsində, həm də istehsal sferasında olan bu yeniliklər və inkişaf məşğulluğa və kadrların yetişməsinə də öz töhfəsini verir:
“Bu, özəl şirkətlərin, yerli KOB subyektlərinin də bu sahəyə cəlb olunmasına imkan verir. Əminliklə qeyd etmək istəyirəm ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dünyanı hərbi bacarıqları ilə nə qədər təəccübləndirdisə, müharibədən sonra da Qarabağda yenidənqurma və bərpa işlərinin surəti və həcmi ilə eyni təəccübü həmin ölkərə yaşadır”.
Qeyd edək ki, Prezident öz çıxışında Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin çox geniş miqyas aldığını, 3 min kilometr avtomobil yolunun inşa edildiyini, ümumi layihələrin içində 45 tunelin çəkilməsinin nəzərdə tutulduğunu vurğulayıb. O bildirib ki, sözügedən ərazilərdə dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib, enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları təqdim olunub və bu proses davam etdirilir.