Xəbər verdiyimiz kimi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.
Yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı və aylıq 20 min manatadək mədaxil limiti müəyyənləşdirilib. Bununla yanaşı, yaxın qohumlar arasında köçürmələr, eləcə də risk profilinə uyğun əsaslandırılmış əməliyyatlar və zəruri sənədlər təqdim edildiyi hallarda bu məhdudiyyətlər tətbiq olunmayacaq.
İqtisadçı Xalid Kərimli “APA-Economics”ə açıqlamasında bildirib ki, kartdan-karta köçürmələrdə tətbiq edilən məhdudiyyət kifayət qədər düzgün addımdır:
“Banklar Assosiasiyası Mərkəzi Bankla müzakirələrdən sonra belə bir qərarı qəbul etməsinin əsas səbəbi, hesab edirəm ki, vergidən yayınmanın qarşısının alınmasıdır. Baxmayaraq ki, Vergilər Məcəlləsində bu qadağan edilib, amma sahibkarlar, xüsusilə mikro, kiçik və orta sahibkarlar, pərakəndə ticarətlə məşğul olan şəxslər, xidmət sferasında çalışan şəxslər satış zamanı vəsaitin ödənilməsində kartdan-karta əməliyyatlardan geniş istifadə ediblər. Burada əsas məqsəd, vətəndaşa kartdan-karta əməliyyatlarla bağlı hər hansı maneə yaratmaq deyil. Hökumətin və Mərkəzi Bankın belə bir fikri yoxdur. Gəlin müqayisə edək. Bilirik ki, aylıq bir ödəniş vasitəsi üzrə 20 min manat məhdudiyyət qoyulub. Maksimal limit 20 min manatdır, bir ödəniş vasitəsi üzrə. Yəni bu 20 min manatla vətəndaşın gəlirlərini müqayisə etsək, mən vətəndaşların gəlirləri haqqında sizə də bir məlumat verim. Ölkədə, hətta Bakıda orta aylıq əməkhaqqı 1100-1200 manat arasındadır. Altı aylıq statistikaya baxanda vətəndaşların adambaşına düşən nominal gəlirləri təqribən 800 manata gəlib çatır. Burada həm əməkhaqqı, həm də digər gəlirlərdən söhbət gedir. Yəni adambaşına 800 manata gəlib çatır. Tutaq ki, ailədə bunu hesablayanda, təqribən sizə deyirəm, ailədə ikisi böyük, ikisi uşaq olmaqla dörd nəfər var. Bir ailənin ümumi aylıq gəlirləri, iki nəfər işləyən böyük götürsək, 3200 manatdan çox deyil.
Ümumi bütün gəlirləri orta hesabla bu qədərdir. Yəni Banklar Assosiasiyası da razılaşmaya görə bir ödəniş vasitəsi üzrə 20 min manat maksimal limit qoyub. Yəni bir ailənin gəlirləri ölkədə nə qədərdir ki, bu ailənin kartdan-karta əməliyyatlarına mane olsun? Təbii ki, buradakı məqam sırf vergidən yayınmanın qarşısının alınmasıdır".

Xalid Kərimlinin sözlərinə görə, vergidən yayınmanın qarşısının alınması ilə Dövlət Vergi Xidməti məşğuldur. Amma bunun limitlərinin müəyyənləşdirilməsi ona xidmət edir ki, biri var hadisələr baş versin, sonra arxasınca gəlib araşdırmağa çalışsınlar, mübahisələr, aydınlaşdırmalar olsun: "Bu kontekstdə də bəzən görürdük ki, bizneslə məşğul olmayan vətəndaşların da kartları, hesabları dondurulurdu, müxtəlif problemlər ortaya çıxırdı. Buna görə də hökumət burada oyun qaydalarını müəyyənləşdirib.
Gündə 5 dəfə bir ödəniş vasitəsi üzrə, bir bank və ya bir fintek aləti üzrə əməliyyat aparılması limiti göstərir ki, burada vətəndaş üçün xidmətlərə və yaxud nağdsız əməliyyatlara marağın azaldılması nəzərdə tutulmur. Hökumət bütün imkanları yaradıb. Hətta görürsən ki, indi geniş şəkildə kiçik məbləğlərdə, valideynlə uşaqlar arasında da kartdan-karta əməliyyatlar həyata keçirilir.
Bunlara da hər hansı bir maneə yaratmır. Bir ödəniş vasitəsi üzrə gün ərzində 5 əməliyyat mümkündür və aylıq limit də bir ödəniş vasitəsi üzrə 20 min manatdır. Yəni bir neçə ödəniş vasitəsi olsa, görün bu rəqəm hara gedib çıxır?
Yəni burada bu aspektdə vətəndaş və ailə üçün hər hansı bir problem yoxdur. Hətta mən deyərdim ki, maksimal limitlər elə götürülüb ki, vətəndaşların nağdsız əməliyyatlara marağı aşağı düşməsin. Bu işin bir tərəfidir. İkinci tərəfdən, burada nağdsız ödənişlərin də qarşısını alacaq heç bir meyar görmürəm. İndi müxtəlif populist şəxslərin populist mövqeləri var. Burada əsas məsələ təhükəsizlikdirsə, heç mən kibertəhlükəsizlik məsələsində də, dələduzluğun da bu limitlə tam qarşısının alınacağını düşünmürəm".
İqtisadçı onu da əlavə edib ki, mərc ödənişlərində və vergidən yayınmada bu qərar ciddi rol oynayacaq. Çünki vergidən yayınmaq istəyənlər kartdan-karta əməliyyatlardan geniş istifadə edirlər. Qanunsuz mərc əməliyyatları, mərc ödənişləri və mərc qoyuluşları da kartlar üzərindən həyata keçirilir:
"Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Banklar Assosassiyasının burada əsas məqsədi məhz bu cür qanunsuz əməliyyatların və vergidən yayınmanın qarşısının alınmasıdır. Bu, birbaşa cəmiyyətin və vətəndaşın xeyrinə olan məsələdir. Vergidən yayınanlar və qanunsuz mərc oyunları təşkil edənlər üçün isə əlavə maneədir.
İndi burada onsuz da bu fəaliyyətlərin vergidən yayınma baxımından düzgün olmadığı və yaxud qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın doğru olmadığı qanunvericiliklə təsbit edilib. Ona görə də hesab edirəm ki, bu məhdudiyyət kifayət qədər düzgün addımdır. Sahibkarları da dəvət edirəm ki, birincisi, qanunsuz sahibkarlıq fəaliyyətindən çəkinsinlər.
İkincisi isə vergidən yayınmanın həcmini azaltsınlar. Çünki onsuz da bu kartdan-karta əməliyyatları vergi orqanları müəyyənləşdirəndən sonra Maliyyə Monitorinqi Mərkəzi ilə bağlı ciddi problemlər yaranırdı. İndi bunun da limitini qoymaqla buradakı dövriyyənin həcmini də aşağı salırlar. Eyni zamanda deyim ki, söhbət inzibati məhdudiyyətlərdən getsə də, vergidən yayınmaya görə ciddi maliyyə sanksiyaları mövcuddur”.
***
15.55
Mövzu ilə bağlı "APA-Economics"ə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, burada məqsəd əgər vergidən yayınmanın qarşısını almaqdırsa, əvvəlcə insanların niyə vergidən yayınmağa çalışdığı araşdırılmalıdır: "Belə məhdudiyyətlərlə hansı məqsədə çatmağın hədəfləndiyini bu qərarı qəbul edənlər aydın izah edə bilmirlər. Qərarın nəyə görə verildiyini onların tərəfindən aydın şəkildə izah etmək mümkün deyil. Əgər məqsəd vergidən yayınmanın qarşısını almaqdırsa, ilk sual belə yaranır: insanlar niyə vergidən yayınmağa çalışırlar? Yəni vergilər yüksəkdir? Vergiləri aşağı salmaq lazımdır? Bəlkə də bu məsələni başqa təşviq mexanizmləri ilə həll etmək mümkün idi".

Natiq Cəfərlinin fikrincə, kartdan-karta köçürmələrin məhdudlaşdırılması vətəndaşların yenidən nağd hesablaşmalara üstünlük verməsinə səbəb ola bilər.
"Əgər kartdan-karta pul köçürmək problemə çevriləcəksə, insanlar yenidən nağd pula üstünlük verəcəklər. Son illərə, xüsusilə də pandemiyadan sonra Azərbaycanda vətəndaşların banklara və bank kartlarına inamı artmışdı. Demək olar ki, böyük əksəriyyət nağd puldan imtina etmişdi. İndi bu əks effekt doğuracaq. Kartdan-karta pul köçürmək və bu üsulla ödəniş etmək mümkün olmayanda, nağd alış-veriş daha çox önəm qazanacaq və insanlar bank kartlarındakı vəsaitlərini daha çox nağdlaşdıracaqlar.
Yəni bu qərarı almaqla məqsəd vergidən yayınmanın qarşısını almaq idisə, təəssüf ki, bu qərar vergidən yayınmağın qarşısını almayacaq. Hətta əksinə, nağd pul dövriyyəsi artdıqca vergidən yayınma hallarının da artması ehtimalı yaranacaq", – deyə Natiq Cəfərli vurğulayıb.