2030-cu ilədək kənd təsərrüfatı üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 2 milyard manata yaxın vəsait xərclənəcək.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, kənd təsərrüfatı sektoru qeyri-neft sektorunun prioritet sahələrindən biri qismində çıxış edir və hər il dövlət büdcəsindən qeyd edilən sahəyə subsidiya, güzəşt və digər dəstək alətləri vasitəsilə əhəmiyyətli dövlət dəstəyi göstərilir: “Azərbaycan Respublikası Prezidenti tərəfindən 2026-cı ilin 25 may tarixli Sərəncamla “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir. Bildirmək istərdim ki, Dövlət Proqramının maliyyələşdirilməsi məqsədilə 2026-2030-cu illərdə dövlət büdcəsindən 2 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur”.