Paşha Bank
Bank Of Baku

Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək

Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək
# 06 noyabr 2026 11:46 (UTC +04:00)

Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək.

APA xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Orxan Nəzərli bildirib ki, biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklər mikro və kiçik sahibkarlığın dəstəklənməsini, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinin stimullaşdırılmasını, kənd təsərrüfatında yeni vergitutma mexanizminin tətbiqini, ayrı-ayrı sektorların inkişafına yönəlmiş tədbirləri, eləcə də bir sıra vergi güzəştlərinin müddətinin uzadılmasını əhatə edir: “Bu çərçivədə növbəti il üçün təklif olunan mühüm dəyişikliklərdən biri mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına, fəaliyyətlərinin dayanıqlığının təmin edilməsinə və uzunmüddətli böyümə imkanlarının genişləndirilməsinə yönəlib. Ən azı iki il kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicilərinə müəyyən şərtlərlə gəlir və ya mənfəət vergisi üzrə 5 illik güzəştin tətbiqi nəzərdə tutulur. Aparılmış hesablamalara əsasən, yalnız bu dəyişiklikdən təxminən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir. Digər mühüm dəyişiklik ixrac yönümlü fəaliyyətin stimullaşdırılması ilə bağlıdır. Bu istiqamətdə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqlərinin tətbiqi nəzərdə tutulur. Təklif olunan təşviqlər malların ixracı ilə yanaşı, xidmətlərin ixracını da əhatə etməklə yerli sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ixrac potensialının artırılmasına yönəlib.

Müsbət xəbərlərdən biri budur ki, vergi öhdəlikləri müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, gecikdirilmiş günlər üçün hesablanan faiz dərəcələrinin iki dəfə azaldılması təklif olunur. Burada həmçinin maliyyə sanksiyalarının qısa müddətdə ödənilməsini stimullaşdırmaq məqsədilə əlavə təşviq elementləri də nəzərdə tutulub. İnvestisiya fəallığını yüksəltmək məqsədilə layihədə bir sıra sahələr üzrə əlavə vergi güzəştləri öz əksini tapıb”.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il müddətində fəaliyyət göstərən, vergi borcu olmayan və əvvəlki illə müqayisədə dövriyyəsi 30 faizdən çox azalmayan müvafiq sahibkarlıq subyektlərinə vergi ili ərzində əmək münasibətlərinin pozulmaması şərti ilə gəlir/mənfəət vergisi məbləğinin 25%-i həcmində 5 il müddətinə güzəşt tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR