Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” xidmətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, MMX-in cəmi gəlirləri (dövlət büdcəsindən ayırmalar) ötən il 9.7% azalaraq 2 milyon 750,8 min manat təşkil edib. 2021-ci ildə xidmətin gəlirləri 3 milyon 46.6 min manata bərabər idi.
Hesabat dövründə xidmətin insan resursları xərci 2 milyon 440.3 min manat (illik müqayisədə 8.8% az), amortizasiya xərcləri 119.8 min manat (illik müqayisədə 2.6% çox), inzibati və digər xərcləri isə 189.4 min manat (illik müqayisədə 24.2% az) təşkil edib. Bu dövrdə məzənnə fərqindən 1271 manat zərər edən təşkilatın ümumi gəlirləri və ümumi xərcləri bərabər olub.
Bu dövrdə təşkilatın cəmi aktivləri 1.6% və ya 125.4 min manat artaraq 8 milyon 14.3 min manat, cəmi öhdəlikləri isə 2.7% və ya 125.4 min manat artaraq 4 milyon 787.1 min manat təşkil edib.
Qeyd edək ki, 3 milyon 227.1 min manat cəmi kapitala sahib olan Maliyyə Monitorinqi Xidməti Azərbaycan Mərkəzi Bankı yanında müstəqil struktur vahidi olaraq Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı ilə yaradılıb. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.