“Meqa Sığorta” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” sığorta şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Meqa Sığorta"nın xalis mənfəəti əvvəlki illə müqayisədə 33.4% azalaraq 2 milyon 514.9 min manat təşkil edib. Şirkət 2022-ci ili 3 milyon 777.7 min manat xalis mənfəətlə bağlamışdı.
Hesabat dövründə, “Meqa Sığorta”nın əsas əməliyyat gəlirləri 61.2% artaraq 34 milyon 558.1 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 21 milyon 440 min manat təşkil edib. Bu dövrdə şirkət xalis sığorta ehtiyatları hesabını 8.3 milyon manat artırıb ki, əvvəlki ildə bu ehtiyatları 318 min manat azaltmışdı.
Sığorta şirkətinin investisiya gəlirləri 1 milyon 936,1 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 37% və ya 523.2 min manat çoxdur. Bu dövrdə, “Meqa Sığorta”nın subroqasiya gəlirləri 33.6% artaraq 254.5 min manata, sair gəlirləri isə 4.4 dəfə artaraq 607 min manata yüksəlib. Nəticədə, şirkətin cəmi gəlirləri 29 milyon 47.6 min manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 23.6% çoxdur.
Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 40% artaraq 16 milyon 255.5 min manata, sığorta ödənişləri 32.8% artaraq 8 milyon 969 min manata, işlərin aparılması xərcləri isə 34.8% artaraq 9 milyon 649.1 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 37.9% artaraq 25 milyon 909.9 min manat təşkil edib.
2023-cü ildə “Meqa Sığorta”nın maliyyə mənfəəti 33.4% azalaraq 3 milyon 137.6 min manata enib.
2024-cü ilin yanvarın 1-nə “Meqa Sığorta”nın cəmi aktivləri 18.8% artaraq 51 milyon 712.5 min manata, cəmi öhdəlikləri 70.4% artaraq 22 milyon 353.7 min manata yüksəlib, cəmi kapitalı isə 3.4% azalaraq 29 milyon 358.8 min manata enib.