Bank Of Baku

Mərkəzi Bankın sədri: Makroiqtisadi sabitliyə ciddi risk görmürük - MÜSAHİBƏ

Mərkəzi Bankın sədri: Makroiqtisadi sabitliyə ciddi risk görmürük - MÜSAHİBƏ
# 29 iyul 2026 21:00 (UTC +04:00)

Azərbaycan iqtisadiyyatında bank-maliyyə sektorunda baş verən proseslər hər bir vətəndaşın gündəlik həyatına birbaşa təsir göstərir. İnflyasiya səviyyəsi və ona təsir göstərən amillər, manatın məzənnəsinin sabitliyi, kreditlərə əlçatanlıq və kredit faizləri, əmanətlər, bank sektorunun dayanıqlılığı, maliyyə bazarlarının bütövlükdə inkişafı bu gün cəmiyyət üçün aktual mövzulardandır. Mərkəzi Bank isə həyata keçirdiyi effektiv pul siyasəti və prudensial tənzimləmə tədbirləri ilə həm makroiqtisadi və maliyyə sabitliyinin qorunmasında, eləcə də ölkə iqtisadiyyatının dayanıqlılığının inkişafında rol oynayır.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov bu və digər məsələlər barədə Azərbaycan Dövlət Televiziyası və APA İnformasiya Agentliyinə müsahibə verib.

- AZTV: Hazırda qlobal iqtisadiyyat ciddi sınaqlar qarşısındadır: geosiyasi gərginliklər davam edir, Yaxın Şərqdəki münaqişə enerji bazarlarına və təchizat zəncirlərinə təzyiq göstərib, qlobal maliyyə bazarlarında dəyişkənlik artmaqdadır. Bu reallıqların Azərbaycan iqtisadiyyatına təsirlərini necə qiymətləndirirsiniz və neft-qaz qiymətlərinin ortamüddətli tarazlı səviyyəsi ilə bağlı Mərkəzi Bankın proqnozları necədir? Qeyri-neft sektorunun artan rolunu da nəzərə alsaq, xarici sektorun və tədiyə balansının ortamüddətli dayanıqlılığını necə görürsünüz?

- Taleh Kazımov - Çox sağ olun sualınıza görə. Müsahibə üçün ilk sual olaraq düzgün seçilib. Əminəm ki, izləyicilərimizi də narahat edən əsas məsələlərdən biri Yaxın Şərqdə baş verən proseslərin Azərbaycan iqtisadiyyatına təsirləridir.

Azərbaycan iqtisadiyyatı keçdiyi inkişaf yolu nəticəsində qlobal iqtisadiyyata inteqrasiya olunub. Bunun da ən bariz göstəricisi mal və xidmətlərin ticarət dövriyyəsinin ümumi daxili məhsula nisbətidir. Bu da 80% təşkil edir.

Yaxın Şərqdə baş verən proseslərə gəlincə, bu münaqişələr neft və qaz qiymətlərinə, enerji daşıyıcılarının qiymətlərinə təsir göstərib. Bu proseslərin həm müsbət, həm də mənfi tərəfləri var.

İlk növbədə müsbətdən danışmaq istəyirəm. Enerji daşıyıcılarının qiymətləri artanda Azərbaycanın xarici valyuta ehtiyatları da artır və ilk altı ayın nəticələrinə əsasən, valyuta ehtiyatlarımız 85.8 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu da altı ay ərzində 700 milyon ABŞ dolları artım deməkdir. Onu da nəzərə almalıyıq ki, altı ay ərzində Azərbaycan Dövlət Neft Fondu 3.77 milyard ABŞ dolları büdcəyə transfer edib.

Hesablamalarımız onu göstərir ki, bizim iqtisadiyyatımızda cari hasilat həcmlərini nəzərə alsaq, hər 10 dollar qiymət artımında iqtisadiyyatımız əlavə 1.2 milyard ABŞ dolları gəlir əldə edir. 1000 kubmetr qazın qiymətinin orta illik qiyməti 50 dollar artanda, bu isə ölkəmiz üçün təxmini 900 milyon ABŞ dolları əlavə gəlirdir. Bu rəqəm, həmçinin də qiymət düşəndə təsirlər, demək olar ki, eynidir.

Təbii ki, qiymətlər azaldıqda təsir də eyni həcmdə, lakin əks istiqamətdə olur.

Hazırkı proqnozlarımıza əsasən, bu il bir barel neftin orta illik qiyməti 84,5 ABŞ dolları, gələn il isə 78 ABŞ dolları olacaq. Təbii qazın 1000 kubmetrinin orta qiymətinin isə müvafiq olaraq 2026 və 2027-ci illərdə 324 və 290 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.

Səsləndirdiyim bu rəqəmlər may ayında hazırlanmış proqnozlara əsaslanır. Bildiyiniz kimi, bu ayın sonunda pul siyasətinə həsr olunmuş geniş mətbuat konfransımız keçiriləcək və həmin tədbirdə iyul ayı üzrə proqnozlarımızı açıqlayacağıq. Bu gün müsahibədə qeyd etdiyim rəqəmlər may ayının proqnozlarına əsaslanır və bu proqnozlara baxdıqda cari əməliyyatlar balansımızın profisiti bu ilin sonunda 5.5 milyard ABŞ dolları olacaq, gələn ilin sonunda isə cari əməliyyatlar balansının profisiti təxminən 4 - 4.4 milyard ABŞ dolları ətrafında formalaşacaq. Yəni, proseslərin bizə əsasən müsbət təsiri məhz bizim cari əməliyyatlar balansının profisitinin artımıdır və strateji valyuta ehtiyatlarının artımından təsirlənir. Digər müsbət tərəfi nəqliyyat və anbar təsərrüfatı sahəsinə aiddir. Bu bizim üçün böyük potensialdır ki, Azərbaycanı logistik mərkəz kimi istifadə edək. Hökumətin bu sahədə gördüyü işlər kifayət qədər qənaətbəxşdir və hesab edirəm ki, bu potensialı biz reallaşdıracağıq.

"Biz inflyasiyanı idxal edirik"

Mənfi təsirlərə baxdıqda isə burada əsas məsələ inflyasiyadır. İdxal etdiyimiz mal və xidmətlərin 80%-i məhz enerji daşıyıcıları idxal edən ölkələrdən asılıdır. Yəni, enerji daşıyıcıları qiymətlərinin artdığı şəraitdə bizim ticarət tərəfdaşlarımız, hansılar ki mal və xidmətlər idxal edirik, onlarda istehsal xərcləri artır. Enerji qiymətləri yüksəlir və istehsal xərcləri artdığı halda inflyasiya baş verir.

- APA: Taleh müəllim, son aylarda ticarət tərəfdaşlarımızda inflyasiya təzyiqləri artmaqdadır, bir sıra aparıcı ölkələr proqnozlarını yuxarıya doğru yeniləyib və hətta uçot dərəcəsini qaldıran mərkəzi banklar da var. Bu fonda idxal inflyasiyası riski hansı miqyasda qiymətləndirilir və bu yeni reallıqlar Mərkəzi Bankın 2026-2027-ci illər üzrə proqnozlarına necə təsir göstərir? Digər tərəfdən, siz inflyasiyanın əsasən xarici təklif amillərindən qaynaqlandığını qeyd edirsiniz. Bəs tələb amillərinin, yəni dövlət büdcəsi xərclərinin və kreditləşmənin təsirini necə görürsünüz? Başqa sözlə, ortamüddətli dövrdə tələb inflyasiyası riski varmı?

- Biz tələb amillərinin inflyasiyaya təsirini yüksək qiymətləndirmirik. Bizim hesablamalarımız onu göstərir ki, büdcə xərclərinin, cari xərclərin 10% artımı və kredit portfelinin, bank sektoru vasitəsilə kredit portfelinin 10% artımı müvafiq olaraq 0.29% və 0.12% artırıcı təsir göstərir. Bu da bizim şəraitimizdə yüksək göstərici deyil. Bu onu deməyə əsas verir ki, tələb inflyasiyasının ümumi inflyasiya təsiri aşağıdır.

Amma istərdim çox sadə dildə ümumi vəziyyəti izah edim. Bilirsiniz ki, inflyasiya tələb və təklif amillərindən formalaşır. Birinci sualda da qeyd etdim ki, biz inflyasiyanı əsasən idxal edirik və son 4 ildə müşahidə edirik ki, inflyasiyaya artırıcı təsir edən amil məhz təklif amilidir.

Təklif amillərinə baxdıqda, burada iki əsas kanal var. Birincisi, idxal etdiyimiz mal və xidmətlərin qiyməti, yəni ticarət tərəfdaşlarında olan inflyasiya nəticəsində artan qiymətlər Azərbaycana idxal olunur. Həmçinin də, yerli bazarda istehsalçıların xərc amillərinin artmasıdır. Xərc amilləri dedikdə, bizim tənzimlənən xidmətlərimiz var, misal üçün işıq, qaz, su və digər yanacaq qiymətləri, hansı ki, dövlət tərəfindən idarə olunur. Onların dəyişimi, bizim istehsal etdiyimiz mal və ya xidmətlərin maya dəyərinin artımı nəticəsində bizdə inflyasiya yaranır.

Tələb amillərinə baxdıqda, burada əsas kanal ev təsərrüfatlarının və dövlət sektorunun istehlakıdır. İstehlakın əsas iki parametri varsa, bu, əsasən bizdə büdcə xərcləri və kreditləşmədir. Ancaq bir qədər əvvəl də qeyd etdiyim kimi, hər ikisinin inflyasiyaya təsirləri cüzidir. Əsasən biz təklif inflyasiyasından təsirlənirik. Bizim proqnozlarımız onu göstərir ki, 2026-cı ilin sonunda inflyasiya 5.9%, 2027-ci ilin sonunda isə 4.5% olacaq. Yenə də proqnozlaşdırdığımız inflyasiya Mərkəzi Bankın hədəf diapazonundadır.

"Pul siyasətimizin əsas lövbəri sabit məzənnə rejimimizdir"

AZTV: Qeyd olunan iki istiqamətli riskləri nəzərə alaraq soruşmaq istərdim: mövcud pul siyasəti çərçivəsi belə risklərə adekvat cavab verməyə kifayət edirmi və Mərkəzi Bank son illər ərzində həyata keçirdiyi islahatları nəzərə almaqla ortamüddətli perspektivdə pul siyasəti çərçivəsinin təkmilləşdirilməsini gündəmində saxlayırmı?

- Pul siyasəti adekvat cavab verməsəydi, yəqin ki, onu dəyişərdik. Pul siyasətimiz iqtisadiyyatda olan potensial çağırışlara adekvat reaksiya verməyə imkan yaradır. Amma ümumiyyətlə verdiyiniz sual düşünürəm ki, fundamentaldır.

Yaxşı olardı mən pul siyasətimiz hansı prinsiplərə əsaslanır, nədən qaynaqlanır, hansı çərçivədən formalaşır, bunun haqqında məlumat verim. Pul siyasətimizin əsas lövbəri bizim sabit məzənnə rejimimizdir. 2017-ci ildən Azərbaycandа sabit məzənnə rejimi tətbiq olunur. 2022-ci ilədək bizim faiz lövbərimiz, yəni Mərkəzi Bank öz faiz dərəcələrinin qərarlarını hər 45 gündən bir açıqlayır. Uçot dərəcəmizin 2023-cü ilədək təsirləri heç vaxt olmayıb. 2022-ci ildən başladığımız yeni islahatlar - məhz faiz dərəcəsi, Mərkəzi Bankın uçot dərəcəsinin iqtisadiyyata təsirlərini artıq bu gün görürük. Həmin uçot dərəcəsinin dəyişimi iqtisadiyyatda, maliyyə sektorunda depozit və kredit faizlərinə təsir edir.

Bu gün təhlillərimiz onu göstərir ki, uçot dərəcəsinin 1 faiz bəndi artımı və ya azalması, fiziki şəxslərin depozitləri 0.4 faiz bəndi eyni istiqamətdə dəyişir. Həm artım istiqamətində uçot dərəcəsi dəyişibsə, həm də azalanda, bu 3 ay ərzində baş verir. Yəni bizim pul siyasətimizin əsas lövbəri sabit məzənnə rejimidir, dəstəkləyici isə bizim faiz kanalımızdır, uçot dərəcəmizdir.

APA: Taleh müəllim, dediyiniz kimi, manatın məzənnəsinin sabitliyi pul siyasətinin başlıca lövbəri kimi çıxış edir. Ötən illərdə məzənnəyə həm ucuzlaşma, həm də möhkəmlənmə istiqamətində təzyiqlər yaransa da, Mərkəzi Bankın valyuta ehtiyatları artıb və son aylarda da artmaqda davam edir. Bu artım o deməkdirmi ki, hazırda möhkəmlənmə təzyiqləri üstünlük təşkil edir və ümumiyyətlə, valyuta ehtiyatları ilə bağlı proqnozlar necədir? Digər tərəfdən, əhalinin əmanətlərində dollarlaşmanın azalması manata inamın gücləndiyini göstərir. Sizcə, bu meyil dayanıqlıdırmı və manatla uzunmüddətli yığımların genişlənməsi üçün daha hansı şərtlər formalaşmalıdır?

- Düşünürəm ki, bu, izləyicilər üçün ən maraqlı sual olacaq. Çünki söhbət manatın məzənnəsindən gedir. Çox sağ olun sualınıza görə. İlk növbədə cari vəziyyəti diqqətinizə çatdırmaq istərdim. Son 18 ayda valyuta bazarında təklif tələbi üstələyib. Bu bir faktdır.

İkinci fakt isə ondan ibarətdir ki, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün qeyd edim ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub. Göründüyü kimi, kifayət qədər azalma var.

Eyni zamanda, bu ilin altı ayı ərzində Mərkəzi Bank 1.5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə edib. Azərbaycan manatının möhkəmlənməsinin qarşısının alınması üçün müdaxilə etdik ki, məzənnə 1.7 səviyyəsində qalsın. Yəni valyuta bazarında, yenə dediyim kimi, təklif tələbi üstələyir. Əhalinin manata olan inamı son 4 ildə çox artıb. Bu sadəcə sözlər deyil, bunun arxasında rəqəmlər də var.

2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40%-i valyutada idisə, bu gün bu göstərici cəmi 25%-dir. Yəni azala-azala dollarlaşma səviyyəsi düşür. Son 4 ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artıb. Rəqəmlə desək, 6.3 milyard artıb və 12.5 milyard manat səviyyəsində formalaşır. Bu da əhalinin manata inamının gücləndiyini və valyutaya tələbatın azaldığını göstərir.

Fürsətdən istifadə edərək, Mərkəzi Bankın məzənnə ilə bağlı yanaşmasını da sadə şəkildə izah etmək istəyirəm. Düşünürəm ki, Mərkəzi Bankın sədrinin fikri izləyicilər üçün də maraqlıdır:

Valyuta bazarı 3 istiqamətdən təsirlənir: İlk növbədə cari əməliyyatlar balansının (CƏB) valyuta bazarına təsirlərini qeyd etmək istəyirəm. Cari əməliyyatlar balansı çox sadə dildə desək iqtisadiyyatımızın əməliyyatları və fəaliyyəti nəticəsində ölkədən çıxan və gələn valyutanın balansıdır. Yəni balans profisitli olanda, bu o deməkdir ki, ölkəyə daha çox valyuta gəlib, kəsirli olanda isə o deməkdir ki, ölkədən valyuta gedib. Sabit məzənnə rejimi ölkələrində CƏB-də kəsir olanda bu kəsiri Mərkəzi Bank bağlayır. Bizdə son illər profisitlidir, gələn il də profisitli olacaq.

Burada vacib məqam var. İstərdim ki, mümkün qədər bunu izah edim. Neftin orta illik qiyməti 45 dollar olduğu şəraitdə bizim cari əməliyyatlar balansımız profisitlidir.

Birinci sualda da qeyd etmişdim ki, neftin qiymətində hər 10 ABŞ dolları dəyişiklik iqtisadiyyata təxminən 1,2 milyard ABŞ dolları təsir göstərir. Qiymət artdıqda bu əlavə gəlir, azaldıqda isə eyni həcmdə kəsir deməkdir.

Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 13,2 milyard ABŞ dolları, ölkənin ümumi strateji valyuta ehtiyatları isə 85,8 milyard ABŞ dollarıdır.

"Neftin orta illik qiyməti 45 dollar olsa belə, Azərbaycanın cari əməliyyatlar balansı profisitdə qalacaq"

Çox vacib məsələ ondan ibarətdir ki, son 20 il ərzində təkcə 2020-ci ildə neftin orta illik qiyməti 42 dollar olub. Yəni, ondan aşağı olmayıb. Biz orta illik qiymətə baxmalıyıq. Bəzən görürəm ki, neftin qiyməti qısa müddətə aşağı düşən kimi həm vətəndaşlar, həm də biznes nümayəndələri dərhal narahat olurlar. İl ərzində neftin qiyməti 0-a da düşə bilər, 200-ə də qalxa bilər. Əsas bizə vacib olan göstərici orta illik qiymətdir.

Mən isə öncədən qeyd etdiyim kimi, neftin orta illik qiyməti 45 dollar olsa belə, bugünkü hasilat həcmlərini də nəzərə alsaq, bizim cari əməliyyatlar balansımız profisitlidir.

İkinci kanal büdcədir. Hazırda büdcədə neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində təsdiq edilib. Burada da hesablamalarımız onu göstərir ki, 10 dolların dəyişimi icmal büdcəyə 1.4 milyard manat təsir edir.

Azərbaycanın bugünkü büdcə həcmi üçün bu böyük rəqəm deyil. Yəni hansısa xərclərimizi azaldaraq və ya hansısa investisiya layihələrimizi, əsaslı xərclərimizi növbəti ilə keçirməklə biz rahatlıqla potensial yarana biləcək təsirlərin, mənfi təsirlərin qarşısını ala bilərik. Yəni nə cari əməliyyatlar balansında, nə büdcədə neftin qiymətinin azalmasında böyük problem görmürük.

Valyuta bazarına təsir edən üçüncü istiqamət isə iqtisadi subyektlərin, xüsusilə əhalinin və biznesin gözləntiləridir.

Təəssüf ki, son 4 ildə bilmirəm necə adlandırım onları, bizi istəməyənlər, ölkə daxilində olanlar, öz azərbaycanlılarımız, üzr istəyirəm ifadəmə görə, əsəbləşib deyirik ki, mərdimazardırlar. Yəni heç bir fundamental əsasları olmadan başlayırlar deməyə ki, “kurs dəyişəcək”. İnsanlar da başlayır narahat olmağa və hamı axırıncı manatını götürüb qaçır valyuta mübadilə məntəqəsinə dollar alır, bir həftədən sonra yenə də satır. Burada udan yalnız o həmin mən dediyim insanlar olur ki, hansı ki, sosial şəbəkələrdə özlərinə "layk" qazanmaq istəyirlər. Bir də valyuta mübadilə məntəqələridir. Çünki əhali dollar alır, bir həftədən sonra, bir aydan sonra satır. Mən ona görə istəyirəm bunu çox sadə dildə izah edim. Bunun üçün hər hansı fundamental əsas yoxdur. Hansısa qərarı verməmişdən öncə təhlillər aparmalıyıq, yəni doğrudanmı bizdə problem var? Mərkəzi Bankın pul siyasətinə qayıdıram və bayaqkı sualda da cavab verdim ki, bizim əsas məqsədimiz, mandatımızın qiymət sabitliyidir və makroiqtisadi sabitlikdir. Buna nail olmaq üçün bugünkü çərçivə, sabit məzənnə rejimi tam uyğundur. Bu siyasətimizi növbəti illərdə də davam etməyi planlaşdırırıq.

AZTV: Taleh müəllim, ölkənin bank-maliyyə sektorunun ümumi mənzərəsinə istərdim nəzər salaq: kapitallaşma, likvidlik və aktivlərin keyfiyyəti baxımından necə qiymətləndirirsiniz? Xüsusilə qlobal maliyyə bazarlarında indekslərin dalğalandığı indiki şəraitdə sektorun dayanıqlılığını və riskləri absorbsiya etmək qabiliyyətini necə görürsünüz? Sözsüz ki, bu dayanıqlılıq təsadüfi formalaşmayıb. Son illərdə sektorun sabitliyinin gücləndirilməsi və rəqabətin genişlənməsi istiqamətində hansı işlər görülüb? Tənzimləyici olaraq hansı yeni siyasət çərçivəsinin tətbiqinə başlanılıb? Qarşıdakı dövrdə hansı addımların həyata keçirilməsi gözlənilir?

- Çox yaxşı vurğuladınız. Maliyyə sektoru dedikdə biz həm bank, həm bank olmayan kredit təşkilatlarını (BOKT), sığorta şirkətlərini, investisiya və kapital bazarlarını, ödəniş xidməti təchizatçılarını, elektron pul təşkilatlarını və fintexləri nəzərdə tuturuq. Bunların hamısı birlikdə ölkənin maliyyə sistemini təşkil edir.

Bizdə maliyyə sistemi bank əsaslıdır və bu gün maliyyə sektorunun 95%-i bank sektoruna aiddir. Həm tənzimləmə sahəsində, həm də tənzimləmənin nəticəsi olaraq sektorun dayanıqlığının gücləndirilməsi sahəsində, inkişaf potensialının reallaşdırılmasında bizim ilk fokuslandığımız sahə bank sektoru olub.

Son 4 ildə bank sektorunda kifayət qədər böyük işlər görülüb. Bu istiqamətdə beynəlxalq təcrübəyə əsaslanan yeni korporativ idarəetmə tələbləri tətbiq olunub, risk əsaslı nəzarət sistemi formalaşdırılıb, likvidlik üzrə yeni əmsallar müəyyən edilib, Basel III standartlarına uyğun kapital tələbləri tətbiq olunub. Bununla yanaşı, kiber və informasiya təhlükəsizliyi sahəsində də çoxlu işlər görülüb.

Bu istiqamətdə görülən işlər kifayət qədər genişdir və onların hər biri ayrıca müzakirə mövzusudur. Ona görə də detallara girmədən, daha çox əldə olunan nəticələri qeyd etmək istərdim ki, beynəlxalq nüfuzlu təşkilatlar necə qiymətləndirirlər.

İlk növbədə qeyd edim ki, 2024-cü ildə Azərbaycanın suveren reytinqi investisiya səviyyəsinə yüksəldi. Həmin hesabatlarda görə bilərsiniz ki, həm iqtisadi artım və fiskal dayanıqlığı nəzərə alaraq, həmçinin də pul siyasətimizdə, ölkənin pul siyasətində və bank sektorunun dayanıqlığının tənzimlənməsində islahatların nəticəsi olaraq ölkəmiz investisiya reytinqini qazandı.

Bundan başqa, Dünya Bankının "Business Ready" hesabatı var. Orada isə maliyyə xidmətləri üzrə hesabatda biz 101 ölkə arasında ən yüksək nəticə almışıq. Bundan əlavə, S&P Global Ratings agentliyinin bank sektorunun institusional və infrastruktur risklərini qiymətləndirən BICRA (Banking Industry Country Risk Assessment) hesabatı da mühüm göstəricilərdən biridir. Bu qiymətləndirmə 10 pillə üzrə aparılır. Burada 1 ən yaxşı, 10 isə ən zəif göstəricidir. Azərbaycan 2023-cü ildə 9-cu pillədə yer alırdı, 2026-cı ildə isə ölkəmiz 7-ci pilləyə yüksəlib.

MDB ölkələri ilə və ya Mərkəzi Asiya ölkələri ilə müqayisə etdikdə həmin pillədə yalnız Gürcüstanla Qazaxıstandır. Türkiyə, Özbəkistan, Ermənistan və digər ölkələr daha yuxarı olan pillələrdədirlər. Azərbaycan çox qısa müddətdə risk nöqteyi-nəzərindən, 2023-cü ilin sonundan 2026-cı ilədək 2 pillə irəliləyib. Bu da həm sektorun fəaliyyətini, həmçinin də tənzimləyicinin gördüyü işləri çox yaxşı qiymətləndirir.

"Azərbaycan Mərkəzi Bankı istehlak kreditlərinə görə dünyanın ən sərt tənzimləyicilərindən biridir"

APA: Taleh müəllim, düşünürəm bu sual da izləyicilər tərəfindən maraqla qarşılanacaq. Cəmiyyətdə kredit faizlərinin yüksək olması ilə bağlı fikirlər tez-tez səslənir. Faizlərin necə formalaşdığı və uçot dərəcəsi ilə yanaşı hansı bazar və risk amillərindən asılı olduğu barədə danışmağınızı istərdik. Bu fonda Mərkəzi Bank faizlərin aşağı salınmasına dəstək verə biləcək tədbirlər nəzərdən keçirirmi? Bəzən belə fikirlər də səslənir ki, Mərkəzi Bank prudensial çərçivəsini yumşaltmaqla biznes kreditlərini stimullaşdırmalıdır. Hazırda biznes və istehlak kreditləri üzrə normativlər arasında hansı fərqlər var və bu normativlər kiçik və orta sahibkarlığın kreditləşməsini kifayət qədər dəstəkləyirmi?

- Çox vacib sualdır. Bu suala cavab verməmişdən öncə siz bir cümlə işlətdiniz: Biznes kreditləşməsində prudensial tələblərin yumşaldılması. Mən bu fikri bir neçə şəxsdən, istiqamətlərdən eşitmişəm və bu fikirlə qəti razı deyiləm. Desək ki, istehlak kreditləşməsində Mərkəzi Bank sərtdir, mən əminliklə deyə bilərəm ki, bəli sərtik. Bəlkə də bütün dünyanın, dünya ölkələri Mərkəzi Banklarının və tənzimləyicilərin bu sahədə tənzimləməsini bilmirəm, amma bildiklərimə əsasən deyə bilərəm ki, istehlak kreditləşməsində ən sərt Azərbaycan Mərkəzi Bankıdır. Biznes kreditləşməsində biz sərt deyilik, əksinə, çox yumşaq yanaşırıq və məhz buna görə bu fikirlə razı deyiləm.

Bildiyiniz kimi, dünyada maliyyə sektorunun tənzimlənməsində rol oynayan qurum Bazel Komitəsidir. Biz Bazel Komitəsinin bu sahədə tələblərini Mərkəzi Bankın tələbləri ilə müqayisə etsək, görəcəyik ki, kifayət qədər Azərbaycanda biznes kreditləşməsində yumşaq yanaşma var. Bu fikirləri səsləndirən şəxslər ya Mərkəzi Bankın mövcud tələblərini, ya da beynəlxalq təcrübəni kifayət qədər yaxşı bilmirlər.

Bəzən deyirlər ki, Mərkəzi Bankın biznes kreditlərində tələblər çox sərtdir. Mərkəzi Bankın demək olar ki, kreditləşmədə tətbiq olunan girovlara ümumiyyətlə tələbi yoxdur. Yalnız məcmu kapitalın 10%-dən artıq verilən kreditlərdə deyirik ki, girov olmalıdır. Amma 10%-dək bizim ümumiyyətlə heç bir girov tələblərimiz yoxdur. Sistem əhəmiyyətli bankları istisna etsək (çünki orada kapital lap böyükdür), digər banklara baxsaq, orta bir bank üçün bu 12-15 milyon pul deməkdir.

Yəni, bu gün Azərbaycan bankları sistem əhəmiyyətli banklar istisna olmaqla, bir borcalana təxminən 10-15 milyon manatadək girovsuz kredit verə bilər. Artıq məcmu kapitalın 10%-dən artıq olan kreditlərə Mərkəzi Bank deyir ki, bəli, təminat olmalıdır və təminatın qiymətinin kreditə nisbəti 150% olmalıdır. Bu sahədə də bəzi çətinliklər, problemlərimiz var, biz bunu həm hökumətlə, həm maliyyə sektoru ilə həll edirik. Düşünürük ki, girovların qiymətləndirilməsi sahəsində də yenilikləri qısamüddətdə görəcəyik.

Lakin biznesin kreditləşməsində hansısa məhdudiyyətlər və ya sərt tənzimləmə bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunmur və bizim bütün tələblərimiz internet səhifəmizdə var, hamı baxa bilər.

O ki qaldı faizlərə? Faizlər nədən formalaşır? İlk növbədə kredit faizləri həmin vəsaitlərin maya dəyərindən formalaşır və maya dəyəri dedikdə, bank həmin vəsaitləri neçə faizlə cəlb edib? Yəni bank əhalidən və ya biznes subyektlərindən vəsaiti müəyyən faizlə cəlb edir. Hazırda bu göstərici orta hesabla təxminən 9% təşkil edir. Daha sonra bank həmin vəsaitin üzərinə əməliyyat xərclərini əlavə edir, çünki xidmət haqqları var. Üstünə kredit riski faizini əlavə edir. Kredit riski dedikdə isə hər bir borcalanın maliyyə vəziyyətinə uyğun olaraq krediti geri qaytarmamaq ehtimalı nəzərdə tutulur. Və üstünə öz marjasını əlavə edir. Nəzərə alsaq ki, pullarımızın maya dəyəri bu gün artıq 9%-dədir, o faizləri də əlavə eləsək, faizlər ikirəqəmli səviyyəyə çıxır. Bizim təhlillərimiz onu göstərir ki, 1-2% deyə də bilərəm ki, 3%, 4% kredit faizlərinin dəyişimi, artımı və ya azalması, yəni kreditləşmənin məhdudlaşdırılmasına və ya sürətlə artmasına o qədər də təsir göstərmir. Məsələn, 2025-ci ilin iyul ayında, səhv etmirəmsə, kredit faizləri vəsaitin maya dəyərinin artması səbəbindən 19%-ə yüksəlmişdi. Halbuki, həmin il kiçik və orta sahibkarlıq üzrə kredit portfeli 18% artmışdı. Yəni məntiqlə əksinə olmalıdır, faizlər artanda kreditləşmə sürəti azalmalıdır. 5-10% dəyişim olsa, sözsüz ki təsir edəcək, amma son iki ildə baş verən dəyişikliklər o qədər də böyük təsir göstərmir. Mərkəzi Bank administrativ olaraq faizləri idarə etmir. Kreditlər üzrə faizlər özü formalaşmalıdır, bazar müəyyən etməlidir. Biz pulun maya dəyərinə təsir edirik və bayaq suallardan birində də qeyd etdiyim kimi, öz uçot dərəcəmiz vasitəsilə faizləri azaldanda manatın maya dəyəri də düşür, xərc olaraq banklar üçün düşür. Bu da ümumi kredit faizlərinə təsir edir.

Xüsusilə istehlak kreditləşməsində, biznes kreditləşməsində böyük faiz sıçrayışı görmürəm. Birincisi, bu gün bank sektorunda bizim üçün çağırış məhz təmərküzləşmədir və sektorda rəqabət daha yaxşı olsaydı, mən daha rahat olardım. Sektorda rəqabəti artırmalıyıq. Dominant banklar var və onların faizlərinin dəyişiminin ümumi sektora təsiri var.

"Maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik"

İkinci məsələ biznes sahəsində tələb faktorudur. Yəni kreditlərə aşağı tələb olmağıdır. Bu da sözsüz ki, Mərkəzi Bankın mandatından xaricdir. Bizim üzərimizə düşən ən vacib məsələ, bu rəqabətliliyin artırılmasıdır. Artıq sentyabr-oktyabr aylarında xüsusilə maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik. Hal-hazırda texniki işlər görülür. Bu da rəqabətliliyin artırılmasına əminəm ki, təkan verəcək.

AZTV: Taleh müəllim, bir qədər də sığorta və kapital bazarlarından danışaq. Sığorta yığımları artıq milyard manatlıq həddi keçib. Bu artımın keyfiyyətini necə qiymətləndirirsiniz və sığorta əhatəliliyinin genişləndirilməsi üçün hansı addımlar atılacaq?

- Hər iki sektor, həm sığorta, həm kapital bazarları, düşünürəm, çox da aktiv inkişaf etməyib, inkişafdadır. Təkcə, tənzimləyici olduğuma görə yox, ümumilikdə Mərkəzi Bankın nöqteyi-nəzərindən, hər iki sektor böyük potensiala malikdir.

Dörd ilə sığorta sahəsində yığımlar 80% artıb və 1.5 milyard manat həcmində formalaşıb. Artıq sığorta sektoru uzunmüddətli vəsaitlərin təminatçısıdır. Təxminən 1 milyard manat həcmində sığorta sektoru qiymətli kağızlara, xüsusilə istiqrazlara investisiya edib. Bu da əlavə kapital qoyuluşlarıdır. 700 milyona yaxın bank sektorunun likvidliyini təmin edib. Son 4 ildə əsasən icbari sığorta növlərinin əhalimiz üçün daha effektiv, daha uyğun olması üzərində çalışmışıq. Bu istiqamətdə hazırlanan dəyişikliklər aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və hazırda Nazirlər Kabinetindədir. Daşınmaz əmlak icbari sığortası üzrə əhalinin maraqları nəzərə alınaraq təkmilləşdirilib və artıq Nazirlər Kabinetinə verilib.

Növbəti illərdən isə biz könüllü sığorta növlərinin təşviqi üzrə çalışacağıq. Sığorta sahəsi həm vətəndaşların, həm də biznes subyektlərinin iqtisadi risklərdən qorunmasını təmin edir. Bizim marağımız odur ki, həmin təminat əlçatan, effektiv və keyfiyyətli olsun ki, bizim iqtisadiyyatda olan həm vətəndaşlarımız, həm biznes subyektləri aldığı risklərə adekvat təminat alsınlar.

"Qiymətli kağızlar, kapital bazarları və sığorta sektoruna böyük ümidlərimiz var"

Kapital bazarlarına gəldikdə, burada iki istiqamətdə aktiv işlərimizi görürük. Sentyabr ayında həm sektorla, həm də beynəlxalq məsləhətçi ilə birgə yeni qanunvericilik paketini hazırlamışıq. "Qiymətli kağızlar haqqında" qanun yox, daha çox "Kapital bazarları haqqında" qanun hazırlamışıq. Düşünürük ki, sentyabr ayında aidiyyəti qurumların razılaşdırılmasına göndəriləcək. Bir hissə hüquqi-normativ bazadır, ikinci hissə isə infrastruktur. Burada infrastruktur dedikdə, həm investisiya şirkətlərinin fəaliyyəti, həm Milli Depozit Mərkəzinin, həmçinin də Bakı Fond Birjasının effektiv çalışmasına fokuslanmışıq. Son 2 ildə ölkəmizdə ilk dəfə olaraq ilkin səhm yerləşdirilməsi baş verib. Hər iki yerləşdirmə maliyyə sektoruna aiddir. 2024-cü ildə bu Azərbaycan Beynəlxalq Bankı olub, 2026-cı ildə isə Paşa Bank olub. Hər iki bank üçün məbləğ o qədər də vacib deyildi, bizim üçün burada say çox vacib idi. Bizim istəyimiz odur ki, həm emitent gəlsin bazara, yəni qiymətli kağızı buraxılış edən təşkilat, həmçinin də investorların kütləsi artsın. Burada iki yeni emitent - ABB və Paşa Bankı görürük, digər tərəfdən isə bu iki IPO nəticəsində 2023-cü ilin sonunda Milli Depozit Mərkəzində 1000 aktiv investor var idisə, bu iki IPO nəticəsindən bu rəqəm artıq 50 mindən çoxdur. Yəni 50 dəfədən çox artım baş verib. Bu isə əhalinin bazara inamı və marağının göstəricisidir. Həmçinin də digər hüquqi şəxslərə, digər emitentlərə, hansı ki öz səhmləri və ya istiqrazlar buraxmaq niyyətindədirlər, bu kifayət qədər böyük investor bazasıdır. Müqayisə üçün qeyd edim ki, Mərkəzi Bankın apardığı islahatlar nəticəsində ölkədə 2023-cü ilin sonunda cəmi 114 min unikal əmanətçi var idi. Yəni müstəqilliyimizin ilk günündən 2023-cü ilin sonunadək cəmi 114 min unikal əmanətçi var idi. Apardığımız islahatlar nəticəsində bu rəqəm 220 oldu, yəni ikiqat artdı. Artımın müsbət cəhəti ondan ibarətdir ki, bu artımın 75%-i 30 000-dək olan əmanətlərdir. Yəni vətəndaşların böyük hissəsi bank sektoruna inanır. Təcrübə onu göstərir ki, əhali birinci maliyyə sektorunda, bank sektorunda öz vəsaitlərini inanıb yerləşdirir, sonra isə alternativ investisiya alətləri, alternativ qazanc istiqamətləri axtararaq, növbəti mərhələdə kapital bazarlarına çıxırlar. Son iki IPO onu göstərib ki, potensial investor bazamız 50 dəfə artıb. Bizim qiymətli kağızlar, kapital bazarları və sığorta sektoruna böyük ümidlərimiz var. Düşünürük ki, orada olan potensialı biz növbəti strateji mərhələdə reallaşdırmağı sürətləndirəcəyik.

AZTV: Taleh müəllim, Mərkəzi Bankın rəqəmsal gündəliyi son dövrdə xeyli genişlənib: açıq bankçılıq platforması, virtual aktivlərin tənzimlənməsi, rəqəmsal manat üzrə yol xəritəsi və süni intellekt əsaslı həllər gündəmdədir. Bu təşəbbüslərin hazırkı statusu barədə məlumat verə bilərsinizmi və rəqəmsallaşmanın doğurduğu kibertəhlükəsizlik riskləri hansı çərçivədə idarə olunur?

- Rəqəmsallaşma çox vacib məsələdir və düşünürəm ki, maliyyə sektorunun rəqəmsallaşması inkişaf strategiyamızın əsas istiqamətlərindən biridir. Açıq deyə bilərəm ki, bu gün ölkəmizdə rəqəmsallaşma baxımından ən qabaqcıl sahə maliyyə sektorudur. Bunu Mərkəzi Bankın sədri olduğuma görə demirəm. Digər sahələrlə müqayisə etsəniz, rəqəmsallaşmada ən çox irəli gedən sahə məhz maliyyə sektorudur. Ondan sonra bəlkə də telekommunikasiya sektoru gəlir, amma ilk yerdə maliyyə sektorudur.

Rəqəmsallaşma dedikdə mən ilk növbədə rəqəmsal kanallarla təklif olunan xidmət və məhsulların sayını nəzərdə tuturam. Bu baxımdan xüsusilə bank sektoru çox irəlidədir. İkinci istiqamət istifadə olunan texnologiyalardır. Üçüncü isə insan kapitalıdır. İnsan kapitalının inkişafı nöqteyi-nəzərindən də əsas təchizatçı maliyyə sektoru, xüsusilə bank sektorudur. Yəni hər üç istiqamətdə maliyyə sektoru kifayət qədər inkişaf edib.

Soruşsanız səmimi cavab verə bilərəm ki, qonşu ölkələrdən çox da irəli getməmişik. Potensialımız böyükdür. Hazırda digər dövlət qurumları ilə müzakirələr aparırıq. Çünki rəqəmsallaşma üçün təkcə texnologiyalar və insan kapitalı kifayət etmir, dataya çıxış da vacibdir və həmin datanın qiyməti əlçatan olmalıdır. Nəticə etibarilə biz verilənlərlə bazanı pulla satanda, bu, istehlakçıya təsir edir.

"Maliyyə sektoru süni intellekti aktiv istifadə edir"

Baxmayaraq ki, rəqəmsallaşmada maliyyə sektoru irəlidədir, bizim həm 2024-2026-cı illəri əhatə edən strategiyamızda rəqəmsallaşma xüsusi yer tutur və əminəm ki, 2027-2030-cu illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında da əhəmiyyətli yer tutacaq. Nəinki maliyyə sektoru, bütün sahələrdə rəqəmsallaşmanı artırmalıyıq. Rəqəmsallaşma dedikdə tək texnologiyaları nəzərdə tutmuram. Tənzimləyici olaraq düşünürük ki, ekosistemə cavabdehik. Rəqəmsallaşma ekosistemi tək istifadə olunan texnologiyaların nəzarəti məsələsi deyil. Biz həmçinin yeni innovativ məhsulların yaradılması üçün bünövrə yaratmalıyıq. İstifadə olunan texnologiyalar, xüsusilə bu sahədə risklərə qapı açır və biz kiber və informasiya təhlükəsizliyi sahəsində artıq sektora tələblərimizi irəli sürmüşük. Maliyyə sektoru hazırda süni intellekti aktiv istifadə edir, xüsusilə bank sektoru. Mərkəzi Bank öz daxilində də, öz işində də süni intellekti aktiv istifadə edir. Burada isə sual yaranır ki, bəs tənzimləyici nəzarəti necə olmalıdır? Bu təcrübə də Azərbaycanda yoxdur, istəyirik bu təcrübəni Azərbaycana gətirək. Süni intellekt yaratdığı müsbət cəhətlərlə bərabər risklər də yaradır. Burada həm datanın təhlükəsizliyi, həm də verilən qərarlarda gələcəkdə problemlər yaşana bilər. Ona görə bu ekosistemin tərkib hissəsi olaraq biz də nəzarətimizi bu sahədə gücləndirməliyik.

İnkişaf baxımından 2024-cü ildən açıq bankçılıq platformasını yaratmışıq. Bu platforma rəqəmsallaşma ekosisteminin əsas fundamental sütunlarından biridir. Artıq 25 təşkilat, əsasən banklar bu platformaya qoşulub. Platforma vasitəsilə bir maliyyə institutundan digər maliyyə institutuna məlumat axını təmin edilir. Bu isə sözsüz ki, müştərinin razılığı əsasında həyata keçirilir.

Rəqəmsal ekosistemin inkişafında ikinci əsas sütun xüsusi tənzimləmə rejimidir. İngilis dilində buna "sandbox" deyirik. Bu, maliyyə sektorunda innovativ həllərin yaradılması üçün çox əlverişli mühitdir. Bu gün maliyyə xidmətləri təqdim etmək istəyən təşkilat lisenziya almalı və kifayət qədər uzun prosesdən keçməlidir. Söhbət startapdan gedirsə, onun uğurlu olub-olmayacağı əvvəlcədən məlum olmur. Biz bu imkanı yaradırıq ki, həmin xüsusi tənzimləmə rejimində innovativ ideya real vaxt rejimində və bizim nəzarətimiz altında sınaqdan keçirilsin. Uğurlu olduğu təqdirdə isə lisenziyanın alınması və digər tələblərin yerinə yetirilməsi mərhələsinə keçilsin.

Son iki ildə bu rejim üzrə 35 müraciət daxil olub. Hazırda 7 innovativ ideyanın sınaqları xüsusi tənzimləmə rejimində uğurla davam edir.

Virtual aktivlərlə bağlı qeyd etdiyiniz qanunvericilik paketi artıq təsdiqlənməsi üçün təqdim olunub. Bu sahə də çox vacibdir. Qanunvericilik paketindən irəli gələn tənzimləmə növbəti altı ay ərzində hazırlanacaq və Azərbaycan bu sahədə beynəlxalq təcrübəni bazara təqdim edə biləcək.

Mərkəzi Bankın rəqəmsal valyutasına gəlincə, digər ölkələrdə olan həmkarlarım bu sahədə pilot layihələrini bir müddətdir başlayıblar, amma hələ genişmiqyaslı, pilot olmayan həmin bu Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqini görməmişik. Biz bu sahəni çox diqqətlə izləyirik və düşünürəm ki, növbəti ildə araşdırmalarımızı daha dərinləşdirəcəyik.

Bu sahədə kifayət qədər cavabı olmayan suallar var. Texnologiya olaraq əladır, mən rahat qiymətləndirə bilərəm, çünkü mənim ilk işim proqramçıdır. Ona görə bu sahəni çox gözəl anlayıram. Düşünürəm onun istifadəsi genişmiqyaslı olmasa da, istifadəsi mümkündür. Daha çox stablecoin-lərə fokuslanardıq. Bu isə bizim növbəti ildə proqramımızda var. Düşünürəm ki, bu sahədə daha aktiv işlər görəcəyik.

APA: Taleh müəllim, yekunda növbəti strateji dövr üzrə prioritetləriniz barədə soruşmaq istərdik.

- Prioritetlərimiz ilk növbədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanundan irəli gəlir. Bizim üç əsas mandatımız var. Bunlar qiymət sabitliyinin təmin edilməsi, makroiqtisadi sabitlik, maliyyə sektorunun dayanıqlılığı və ödəniş sistemlərinin təhlükəsiz və effektiv çalışmasıdır. Birinci mandatımıza gəldikdə, biz pul siyasəti çərçivəsində verilən qərarlarımızda məhz qiymət sabitliyinin təmin edilməsinə fokuslanacağıq. Yəni inflyasiyanın hədəf diapazonunda olmasına hədəflənəcəyik. Maliyyə sabitliyi nöqteyi-nəzərindən beynəlxalq təcrübəni tətbiq etməyə davam edəcəyik. Xüsusilə, sığorta və kapital bazarlarında, eləcə də ödəniş xidməti təchizatçıları və elektron pul təşkilatları sahəsində bu istiqamətdə işlər davam etdiriləcək.

Milli ödəniş sistemi, yəni ödəniş sisteminin effektiv və fasiləsiz çalışması istiqamətində bu sahədə əsas məqsədimiz ölkədaxili ödənişlərin böyük hissəsinin ani ödəniş sisteminə keçirilməsidir ki, bütün hesablaşmalar həm fiziki, həm hüquqi şəxslərin hesablaşmaları anında hesabdan hesaba baş versin. Artıq bu sahədə kifayət qədər çox işlər görülüb. Rəqəmsallaşma ilə paralel olaraq bu proseslər davam edir. Bank müştərilərin hesablarında aparılan ödənişlərin 94%-i hamısı elektron bankçılıq vasitəsilə olub. Ödəniş kartları ilə yerli bazarda aparılan əməliyyatların da 94%-i qeyri-nağd şəklində baş verib. Bu da həm maliyyə sektorunun rəqəmsallaşması nəticəsində baş verib, həmçinin də milli ödəniş sisteminin təkmilləşdirilməsi istiqamətində görülmüş işlərin nəticəsidir.

"2027-2030-cu illəri əhatə edəcək yeni Maliyyə Sektorunun İnkişaf Strategiyasının hazırlanmasına başlamışıq"

Bu il 2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyası başa çatır. Strategiyanın 2025-ci il üzrə icra səviyyəsi 85-85,6% təşkil edib. Düşünürük ki, bu il də qalan hədəflərimizin əksəriyyətinə nail olacağıq. Səhv etmirəmsə, biz yeganə qurumuq ki, həm strategiyanı təsdiq edirik, həm onu ictimaiyyətə açıqlayırıq, həm də hər il hesabat veririk.

Ölkəmizin 2022-2026-cı illəri əhatə edən, möhtərəm cənab Prezident tərəfindən təsdiqlənmiş Sosial-iqtisadi İnkişaf Strategiyası da mövcuddur. Həmin strategiya çərçivəsində doqquz tədbir üzrə əsas icraçıyıq və bu istiqamətdə hər hansı gecikmə gözləmirik.

Artıq bu il 2027-2030-cu illəri əhatə edəcək yeni Maliyyə Sektorunun İnkişaf Strategiyasının hazırlanmasına başlamışıq. Həmin strategiyanın əsas məqsədi maliyyə sektorunun dayanıqlığının təmin edilməsi, genişləndirilməsi və inkişaf etdirilməsidir. Düşünürəm ki, ənənəyə sadiq qalaraq həmin strategiyanı da bütün izahları ilə birlikdə 2027-ci ilin birinci rübündə ictimaiyyətə təqdim edəcəyik.

AZTV: Taleh müəllim, maraqlı müsahibənizə və suallarımızı ətraflı cavablandırdığınıza görə təşəkkür edirik. Əminik ki, bu müsahibə izləyicilərimiz üçün də faydalı və dolğun məlumatlar əldə etmək baxımından bir fürsət oldu. Minnətdarıq və sizə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Mən sizə təşəkkürümü bildirirəm. Mənə də maraqlı oldu sizin suallarınız. Əsas izləyicilərimizə maraqlı olsun. Çox sağ olun, təşəkkür edirəm vaxtınıza və diqqətinizə görə.

Nigar Abbasova – APA İnformasiya Agentliyi

Namiq Əliyev - Azərbaycan Dövlət Televiziyası

FOTO: Rüfət Mustafayev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR