Fransa hakimiyyəti Rusiyanın RT France telekanalının keçmiş rəhbəri Kseniya Fyodorovanın ölkədən deportasiya olunması barədə qərar qəbul edib.
Bu barədə “Libération” qəzeti məlumat yayıb.
Məlumata görə, iyulun 29-da Paris polisi deportasiya haqqında qərarı Fyodorovanın vəkilinə təqdim edib.
Sənəddə bildirilib ki, Kseniya Fyodorovanın davranışı "dövlətin fundamental maraqlarına xələl gətirir", onun Fransa ərazisində olması isə "ictimai asayiş üçün xüsusilə ciddi və aktual təhlükə" yaradır.
Fransa hakimiyyəti hesab edir ki, Fyodorova yaydığı məlumatlar vasitəsilə Rusiya hakimiyyətinin təşkil etdiyi dezinformasiya kampaniyalarının iştirakçısı kimi çıxış edib və bu fəaliyyət ictimai asayişin pozulmasına yönəlib.
Qərarda qeyd olunub ki, onun fəaliyyəti ictimai rəyə təsir göstərmək, Avropa və xüsusilə Fransa vətəndaşlarının dövlət institutlarına inamını sarsıtmaq məqsədi daşıyan dezinformasiyanın yayılmasına və sabitliyin pozulmasına xidmət edib.
Qeyd edək ki, Fransa media tənzimləyicisi Arcom 2022-ci ilin fevralında RT France telekanalı ilə bağlı araşdırmaya başlayıb. 2023-cü ilin yanvarında isə ölkə hakimiyyəti telekanalın bank hesablarını bloklayıb. Bundan sonra Kseniya Fyodorova RT France-ın fəaliyyətini dayandırdığını açıqlayıb. Yerli KİV-in məlumatına görə, o, sonradan Fransanın sağ mühafizəkar yönümlü CNews telekanalında fəaliyyətini davam etdirib.