“Azərsığorta” Azərbaycan Dövlət Kommersiya Sığorta Şirkətinin fəaliyyəti ilə bağlı hələlik qərar verilməyib, müzakirələr davam edir.
Bunu “APA-Economics”ə açıqlamasında “Azərbaycan İnvestisiya Holdinqi”nin İdarə Heyətinin sədri Mətin Eynullayev deyib.
O bildirib ki, “Azərbaycan İnvestisiya Holdinqi”nin tərkibinə qatıldıqdan sonra, “Azərsığorta”dan icbari şəxsi sığortalar alınaraq Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə ötürülüb. Bu isə sığorta şirkətinin maliyyə göstəricilərinə və fəaliyyətinə təsirsiz ötüşməyib.
Mətin Eynullayev əlavə edib ki, sığorta şirkəti hazırda fəaliyyətini öz resursları hesabına davam etdirir: "Bununla belə, sığorta şirkətindəki durum hazırda müzakirə predmetidir. Hər hansı bir qərar verilərsə bu barədə məlumat veriləcək".
Xatırladaq ki, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci ilin yanvarın 1-dən "Azərsığorta"dan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ötürülüb. Portfelinin böyük hissəsinin ƏƏSMN-ə ötürülməsi sığorta şirkətinin maliyyə göstəricilərinə kəskin şəkildə təsir göstərib. Nəticədə sığorta şirkəti 2022-ci ili 9 milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Bundan sonra Azərbaycan İnvestisiya Holdinqi dövlət sığorta şirkətində yoxlamalara başlayıb və şirkət 2023-cü il noyabr ayından bütün satış əməliyyatlarını dayandırıb.