Azərbaycanda dövlət büdcəsinin təxminən 60%-nin elektron sistem vasitəsilə proqnozlaşdırılması mümkün olacaq.
“APA-Economics” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Nazirin sözlərinə görə, dövlət maliyyəsinin rəqəmsallaşdırılması çərçivəsində elektron mühasibatlıq komponentinin yaradılmasına başlanılıb və sistem mərhələli şəkildə istifadəyə verilir.
“Avqust ayından etibarən 260-dan artıq dövlət qurumunun əməkdaşları üçün müvafiq təlimlər keçirilib. Artıq dövlət qurumlarının mühasibat hesabatlarının tam elektronlaşdırılmasına başlanılıb. Hesab edirik ki, ilin sonunadək 2 milyondan artıq inventar vahid elektron mühasibatlıq sistemində qeydiyyata alınacaq”, – deyə nazir bildirib.
Sahil Babayev qeyd edib ki, növbəti ildən proses bütün dövlət təşkilatlarını əhatə edəcək.
Onun sözlərinə görə, üçillik dövr ərzində dövlət vəsaitlərinin, dövlət aktivlərinin, o cümlədən qeyri-maliyyə aktivlərinin tam elektron uçotunu təmin edən vahid reyestrin formalaşdırılması nəzərdə tutulur.
Nazir vurğulayıb ki, həmin reyestrin elektron xəzinədarlıq və digər dövlət maliyyə sistemləri ilə inteqrasiyası proqnozlaşdırma imkanlarını genişləndirəcək.
“Düşünürük ki, müvafiq məlumat bazası formalaşdıqdan sonra dövlət büdcəsinin təxminən 60%-nin proqnozlaşdırılması elektron qaydada həyata keçirilə biləcək. Artıq bunun üçün ayrıca fərdi yanaşmaya ehtiyac qalmayacaq”, – deyə Sahil Babayev əlavə edib.