Azərbaycanla Macarıstan arasında investisiya əməkdaşlığı tam təmin olunub.
"APA-Economics" xəbər verir ki bunu Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair çıxışında Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, hazırda Macarıstan şirkəti həm "Azəri-Çıraq-Günəşli", həm də Bakı-Tbilisi-Ceyhan kimi layihələrin səhmdarlarından birinə çevrilib.
"Son bir ildə Azərbaycandan Macarıstana ixrac təqribən 67% artıb, Azərbaycandan Macarıstana qoyulan investisiyalar da artmaqda davam edir. Bu gün biz nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığı müzakirə etdik. Çox gözəl təkliflərdən biri Budapeştdə Azərbaycan dili və mədəniyyət mərkəzinin yaradılması məsələsi oldu ki, bununla bağlı işlərə başlanacaq, Azərbaycan və Macarıstan arasında hava əlaqəsinin daimi əsasda davam etdirilməsi və yeni istiqamətlərin açılması müzakirə edilib", - deyə S. Babayev qeyd edib.
Müzakirə olunan məsələlər sırasına həmçinin, karqo daşımaları, səhiyyə və əczaçılıq sahəsində əməkdaşlıq, Azərbaycan qazının Macarıstana tədarükü məsələləri də daxil idi.