Paşha Bank
Bank Of Baku

Neft Fondunun yatırım etdiyi İT nəhəngləri - NVIDIA-ya yatırımlar 800 mln. dolları ötüb - EKSKLÜZİV

Neft Fondunun yatırım etdiyi İT nəhəngləri - NVIDIA-ya yatırımlar 800 mln. dolları ötüb - EKSKLÜZİV
# 02 oktyabr 2026 10:14 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş ölkələrdə kotirovka olunan səhm investisiyalarının dəyəri 2026-cı ilin ilk yarısında artıb, ən böyük şirkətlər üzrə portfelin strukturunda isə nəzərəçarpacaq dəyişikliklər baş verib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Fonddan bildirilib.

Məlumata görə, səhm portfelinin cari dəyəri 2025-ci ilin sonundakı 16,5 milyard ABŞ dollarından bu ilin ilk yarısında 18 milyard dollara çatıb. Beləliklə, altı ay ərzində portfel 1,5 milyard dollar və ya 9,1% böyüyüb.

TOP-10-dakı şirkətlər üzrə səhm portfelinin dəyəri 4,1 mlrd. dolları ötüb

Fondun açıqladığı 10 ən böyük səhm mövqeyinin ümumi dəyəri 2026-cı ilin iyununun sonunda 4 milyard 132 milyon dollar təşkil edib. 2025-ci ilin sonunda bu göstərici 3 milyard 932 milyon dollar idi. Beləliklə, TOP-10 üzrə səhm mövqelərinin dəyəri altı ayda 200 milyon dollar və ya 5,1% artıb.

"NVIDIA” liderliyini qorudu, “Apple”da mövqe böyüdü

2026-cı ilin iyununun sonunda ilk onluqda “NVIDIA” 817 milyon dollarla yenə də liderdir.

2025-ci ilin sonunda bu rəqəm 785 milyon dollar təşkil etmişdi. Beləliklə, mövqenin dəyəri 32 milyon dollar və ya 4,1% artıb.

Bununla belə, “NVIDIA”nın kotirovka olunan səhm investisiyalarındakı çəkisi 5,4%-dən 4,5%-ə düşüb. Yəni dollar ifadəsində artıma baxmayaraq, şirkətin ümumi portfeldə nisbi çəkisi azalıb.

“Apple” səhmlərindəki mövqenin dəyəri isə 699 milyon dollardan 752 milyon dollara yüksəlib. Artım 53 milyon dollar və ya 7,6% təşkil edib. Eyni zamanda şirkətin portfeldə çəkisi 4,8%-dən 4,2%-ə enib.

İyunun sonunda təkcə “NVIDIA” və “Apple” üzrə səhm mövqelərinin ümumi dəyəri 1 milyard 569 milyon dollara çatıb.

“Google” ilk üçlükdə

2025-ci ilin sonunda “Google”a (Alphabet) aid iki şirkətin səhm dəyəri ümumilikdə 581 milyon dollar təşkil edib.

2026-cı ilin iyununa aid TOP-10-da isə “Alphabet” üzrə ümumi 466 milyon dollarlıq bir mövqe yer alıb. Yəni, səhm dəyəri 115 milyon dollar azalıb. Bununla belə, Fondun siyahısında “Google” ilk üçlükdə qərarlaşıb.

Ən kəskin eniş “Microsoft”da olub

İlk onluqdakı şirkətlər arasında ən kəskin dəyişikliklərdən biri “Microsoft”da qeydə alınıb.

2025-ci ilin sonunda Fondun “Microsoft” səhmlərindəki mövqeyinin dəyəri 592 milyon dollar idi və şirkət üçüncü yerdə qərarlaşırdı. 2026-cı ilin iyununun sonunda isə mövqenin dəyəri 408 milyon dollara düşüb. Bu, 184 milyon dollar və ya 31,1% azalma deməkdir.

Şirkətin portfeldə çəkisi də 4,1%-dən 2,3%-ə enib.

“Amazon” gerilədi, “Broadcom”da ikirəqəmli artım

Fondun “Amazon” səhmlərindəki mövqenin dəyəri 384 milyon dollardan 369 milyon dollara enib. Altı ay ərzində 15 milyon dollar və ya 3,9% azalma qeydə alınıb. Şirkətin portfeldə çəkisi də 2,7%-dən 2%-ə enib.

“Broadcom”da isə iki rəqəmli artım müşahidə olunub. Fondun şirkətdəki səhm mövqeyinin dəyəri 269 milyon dollardan 300 milyon dollara yüksəlib. Artım 31 milyon dollar və ya 11,5% təşkil edib. Bununla belə, şirkətin ümumi portfeldə çəkisi 1,9%-dən 1,7%-ə düşüb.

“Micron Technology” və “ASML Holding” ilk dəfə TOP-10-da

2026-cı ilin ilk yarısının sonunda TOP-10-un tərkibində də dəyişiklik baş verib. “Micron Technology” və “ASML Holding” Fondun ən böyük səhm mövqeləri sırasında yer alıb.

İyunun sonunda “ASML Holding”də mövqenin dəyəri 289 milyon dollar, “Micron Technology”də isə 282 milyon dollar təşkil edib. Hər iki mövqenin kotirovka olunan səhm investisiyalarındakı çəkisi 1,6% olub.

Əvəzində 2025-ci ilin sonunda ilk onluqda olan “JPMorgan Chase & Co” isə 2026-cı ilin iyununda açıqlanan TOP-10-da yer almayıb. Ötən ilin sonunda Fondun bu şirkətdəki mövqeyinin dəyəri 154 milyon dollar, portfeldə çəkisi 1,1% idi.

“Meta Platforms” geriləyib, “Tesla” “yerində sayıb”

ARDNF-in “Meta Platforms” səhmlərindəki mövqenin dəyəri 248 milyon dollardan 230 milyon dollara düşüb. Beləliklə, azalma 18 milyon dollar və ya 7,3% təşkil edib. Şirkətin portfeldə çəkisi 1,7%-dən 1,3%-ə enib.

“Tesla”da isə dollar ifadəsində ciddi dəyişiklik qeydə alınmayıb. Mövqenin dəyəri 220 milyon dollardan 219 milyon dollara, portfeldə çəkisi isə 1,5%-dən 1,2%-ə düşüb.

Portfeldə ABŞ və texnologiya dominantlığı

ARDNF-nin səhm portfelinin coğrafi strukturunda ABŞ açıq fərqlə liderdir. 30 iyun 2026-cı il tarixinə ABŞ şirkətlərinin portfeldə çəkisi təxminən 63,2% təşkil edib. Sonrakı yerlərdə Yaponiya 5%, Fransa 4,4%, İsveçrə 4,3% və Almaniya 3,9%-ə yaxın payla qərarlaşıb.

Sektorlar üzrə isə informasiya texnologiyaları 24,3%-lik payla birinci yerdədir. Maliyyə sektorunun çəkisi 18,4%, sənayenin 10,3%, qeyri-zəruri tələbat mallarının 8,8%, kommunikasiya xidmətlərinin payı isə 8% təşkil edib.

Bu struktur TOP-10-da da özünü göstərir: “NVIDIA”, “Apple”, “Microsoft”, “Broadcom”, “ASML Holding” və “Micron Technology” kimi texnologiya və yarımkeçirici sənayesi ilə bağlı şirkətlər ən böyük mövqelər arasında yer alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR