2023-cü ilin yanvar-noyabr aylarında əsas kapitala 15725,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çox vəsait yönəldilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 24,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artıb. İstifadə olunan vəsaitin 9422,3 milyon manatı və ya 59,9 faizi məhsul istehsalı sahələrinə, 5498,6 milyon manatı (35,0 faizi) xidmət sahələrinə, 805,0 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 12207,7 milyon manatını və ya 77,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11463,6 milyon manatı və ya 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 faiz, büdcə vəsaitləri 40,5 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, sair vəsaitlər isə 4,6 faiz təşkil edib.