“Azərbaycan Sənaye Sığorta” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” sığorta şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Azərbaycan Sənaye Sığorta"nın xalis mənfəəti 3 milyon 586 min manat təşkil edib. Şirkət 2022-ci ili 2 milyon 475.5 min manat xalis zərərlə bağlamışdı.
Hesabat dövründə, “Azərbaycan Sənaye Sığorta”nın əsas əməliyyat gəlirləri 3 dəfə və ya 28 milyon 833.4 min manat artaraq 43 milyon 586.6 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 14 milyon 753.1 min manat təşkil edib. Bu dövrdə şirkət xalis sığorta ehtiyatları hesabını 691.1 min manat manat artırıb. Əvvəlki ildə bu ehtiyatları 5 milyon 973.3 min manat artırmışdı.
Sığorta şirkətinin investisiya gəlirləri 1 milyon 183.8 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 25.9% və ya 243.7 min manat çoxdur. Bu dövrdə, “Azərbaycan Sənaye Sığorta”nın subroqasiya gəlirləri 2 dəfə artaraq 271.8 min manata, sair gəlirləri isə 7 dəfə artaraq 1 milyon 475.3 min manata yüksəlib. Nəticədə, şirkətin cəmi gəlirləri 45 milyon 826.5 min manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 4.6 dəfə çoxdur.
Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 4.8 dəfə artaraq 36 milyon manata, sığorta ödənişləri 6.6 dəfə artaraq 32 milyon 377.7 min manata, işlərin aparılması xərcləri isə 20.4% artaraq 5 milyon 955.6 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 3.3 dəfə artaraq 41 milyon 960.8 min manat təşkil edib. Sığorta ödənişlərinin kəskin artmasının səbəbi Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Holdinq” MMC-yə aid ərazidə yanğın hadisəsi baş verməsi ilə əlaqədar daşınmaz əmlakın icbari sığortası və əmlakın yanğından və digər risklərdən sığortası üzrə ümumilikdə 25 milyon manat civarında ödənişin həyata keçirilməsi bağlıdır.
2024-cü ilin yanvarın 1-nə “Azərbaycan Sənaye Sığorta”nın cəmi aktivləri 36% və ya 15 milyon 354.4 min manat azalaraq 27 milyon 165.9 min manata, cəmi öhdəlikləri 2.3 dəfə və ya 18 milyon 940.5 min manat azalaraq 15 milyon 47.4 min manata enib.
Bu dövrdə şirkətin cəmi kapitalı 42% artaraq 12 milyon 118.4 min manata yüksəlib.