Pekində 2021-ci ildə rəqəmsal yuanla 9,6 mlrd. yuan (cari məzənnə ilə 1,5 mlrd. ABŞ dollarından çox) məbləğində sövdələşmələr bağlanılıb.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Pekin Maliyyə Nəzarəti Bürosunun rəhbərinin müavini xanım Van İn bildirib.
"Ötən il əhəmiyyətli irəliləyişə nail olunub, rəqəmsal yuanla əməliyyatların həcmi 9,6 mlrd. yuana çatıb", - o bildirib.
Qurumun rəsmisi əlavə edib ki, bu növ ödənişin mövcud olduğu eksperimental ödəniş məntəqələri şəbəkəsi sürətlə genişlənir. Belə ki, Pekində sözügedən məntəqələrin sayı 400 mindən çoxdur. Məntəqələr Qış Olimpiya Oyunlarının keçiriləcəyi bütün məkanları əhatə edir.
Van İn Pekində belə məntəqələrin sayının durmadan artacağını da bildirib.
Xatırladaq ki, Çin rəqəmsal yuanın tətbiqinə 2019-cu ilin sonunda başlayıb. Bir çox şəhərlər bu pilot layihəyə qoşulub. Ötən ilin noyabr ayında artıq ölkədə bu növ ödənişin mövcud olduğu 3,5 milyondan çox məntəqə mövcud idi. Rəqəmsal yuanla ödənişləri ictimai iaşə və nəqliyyat sahəslərində də etmək mümkündür. Pekində keçirilən Qış Olimpiya Oyunları bu sistemin inkişafında yeni mərhələ olmalıdır.