BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına əsasən, 2021-ci ildə dünya ticarətinin həcmi 2020-ci illə müqayisədə 25% artaraq təxminən 28,5 trln. ABŞ dollarına çatıb.
Bu barədə "APA-Economics" hesabata istinadən xəbər verir.
"Qlobal ticarətin həcmi 2020-ci ilə nisbətən təxminən 25% və pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə təxminən 13% artaraq 28,5 trln. dollar təşkil edib və rekord həddə çatıb", - hesabatda deyilir.
Qeyd olunur ki, ötən il beynəlxalq ticarətdə müsbət tendensiya daha çox əmtəə qiymətlərinin artması, koronavirus məhdudiyyətlərinin yumşaldılması və iqtisadi stimullaşdırma paketləri sayəsində tələbatın güclü bərpası ilə bağlıdır.
BMT ekspertlərinin fikrincə, 2022-ci ildə iqtisadi artım qlobal ticarətə gözləniləndən daha az təsir edəcək. Ekspertlər xatırladırlar ki, əvvəllər Beynəlxalq Valyuta Fondu ABŞ-da inflyasiyanın davam etməsi və Çinin daşınmaz əmlak sektoru ilə bağlı qorxular səbəbindən cari il üçün qlobal iqtisadi artım proqnozunu 0,5 bənd (4,9%-dən 4,4%-ə) aşağı salmışdı.
Hesabata görə, 2022-ci ildə ticarət nümunələrinin davamlı məhsullara artan qlobal tələbi əks etdirəcəyi gözlənilir. Qlobal ticarət modelinə daha ekoloji alternativ enerji mənbələrini (məsələn, kobalt, litium və nadir torpaq metalları və s.) dəstəkləmək üçün lazım olan strateji mallara artan tələb də təsir edə bilər.