“Rabitəbank” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında “Rabitəbank”ın xalis mənfəəti illik müqayisədə 2 dəfə artaraq 10 milyon 382 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 5 milyon 161 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 33.3% artaraq 42,1 milyon manat, faiz xərcləri isə 52.4% artaraq 13.5 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri faiz gəlirləri 22.19 milyon manata ( illik müqayisədə 0.7% az), qeyri faiz xərcləri isə 39.9 milyon manata(illik müqayisədə 14.8% çox) bərabər olub. Beləliklə bank 10.8 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 5.7% və ya 589 min manat artım deməkdir.
Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 7.4% və ya 70.4 milyon manat artaraq 1 milyard 25.4 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında “Rabitəbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 11.6% və ya 70.8 milyon manat artaraq 681.7 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 230 milyon manat ( illik müqayisədə 11.9% çox), biznes kreditləri 333.6 milyon manat ( illik müqayisədə 9.2% çox), daşınmaz əmlak kreditləri isə 118.1 milyon manat ( illik müqayisədə 18.3% çox) təşkil edib.
Bu dövrdə “Rabitəbank”ın cəmi öhdəlikləri 912.5milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 8.2% və ya 69.1 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 0.8% və ya 4.5 milyon manat artaraq 611,5 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 34.7 milyon manat və ya 12% azalaraq 255.2 milyon manata enib, fiziki şəxslərin depozitləri isə 39.3 milyon manat və ya 12.4% artaraq 356.3 milyon manata yüksəlib.
2023-cü il iyul ayının 1-nə “Rabitəbank”ın cəmi kapitalı 1.2% və ya 1.3 milyon manat artaraq 112.9 milyon manat olub.