Azərbaycan avropalı investorlar üçün cəlbedici bazardır.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Çevik Texniki Yardım Aləti AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantıda iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli deyib.
O bildirib ki, ötən il Avropa İttifaqının Azərbaycanın xarici ticarətində payı 25 mlrd. dollara yaxın olub. Bu ilin yanvar-aprel aylarında isə bu rəqəm 5,3 mlrd. dollar təşkil edib.
"2013-2023-cü illərdə Avropa İttifaqının Azərbaycana investisiyalarının həcmi 25 mlrd. dollara çatıb" - nazirin müşaviri əlavə edib.
O qeyd edib ki, Dünya Bankı tərəfindən Azərbaycana 49 başa çatmış və 3 icrada olan, ümumi sayı 52 layihə üzrə ümumi məbləği 4 milyard ABŞ dollarından çox olan dövlət zəmanətli kredit, 115-dən artıq texniki yardım və bir çox istiqamətlərdə qrant layihələrinə təxminən 30 milyon ABŞ dollarından artıq vəsait ayrılıb.