Bank Of Baku

Rolande Pryce: Azərbaycan turizmi paytaxt mərkəzli modeldən regionlara yönəlməlidir

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce

© APA | Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce

# 09 iyul 2026 10:22 (UTC +04:00)

Azərbaycan turizmi paytaxt mərkəzli modeldən regionlara yönəlməlidir.

APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce Bakıda "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatında deyib.

O bildirib ki, Azərbaycanın zəngin mədəni irsi, müxtəlif təbiəti, güclü beynəlxalq nəqliyyat əlaqələri və Avropa ilə Asiya arasında strateji mövqeyi turizmin inkişafı üçün mühüm üstünlüklər yaradır.

Rolande Pryce qeyd edib ki, son on ildə turizm sektoru sürətlə inkişaf etsə və xidmət ixracında əhəmiyyətli paya malik olsa da, turist sayı, məşğulluq və regional iqtisadi inkişafa töhfə baxımından ölkə hələ də mövcud potensialından geri qalır.

Onun sözlərinə görə, Dünya Bankının hesabatında turizmin növbəti inkişaf mərhələsi üçün paytaxt və tədbir yönümlü modeldən daha şaxələndirilmiş turizm ekosisteminə keçidin vacibliyi vurğulanır. Bu yanaşma regionların turizm potensialının daha səmərəli istifadəsinə imkan verəcək.

Regional direktor bildirib ki, bunun üçün turizm destinasiyalarının idarəçiliyinin gücləndirilməsi, regionlarda nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, yerləşdirmə və turizm xidmətlərinin genişləndirilməsi, yerli sahibkarlığın dəstəklənməsi, bacarıqların inkişafına investisiyaların artırılması, eləcə də hava əlaqələrinin və beynəlxalq bazarlara çıxışın daha da yaxşılaşdırılması vacibdir.

Rolande Pryce vurğulayıb ki, turizm yalnız turist cəlb etmək deyil, həm də yerli biznes üçün yeni imkanların yaradılması, investisiyaların təşviqi, xüsusilə qadınlar və gənclər üçün məşğulluğun artırılması və iqtisadi artımın faydalarının ölkənin bütün regionlarına yayılması deməkdir.

O əlavə edib ki, Azərbaycan hökuməti turizmi strateji prioritet kimi müəyyənləşdirib. İndi əsas vəzifə planların investisiya layihələrinə çevrilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və regionların beynəlxalq turizm bazarında rəqabət qabiliyyətinin artırılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR