2021-ci ildə Rusiya Federasiyasının MDB ölkələrinə pulköçürmə sistemləri vasitəsilə fiziki şəxslərin köçürmələrinin həcmi 2020-ci illə müqayisədə 22,3% artaraq 6,2 mlrd. ABŞ dollarından 7,6 mlrd. dollara çatıb. Bu, son altı il ərzində qeydə alınan maksimum göstəricidir.
"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının açıqlamasında deyilir.
Qeyd olunub ki, MDB ölkələrindən Rusiya Federasiyasına daxilolmaların həcmi eyni səviyyədə (1,4 mlrd. dollar) saxlanılmaqla, 2021-ci ildə Rusiya Federasiyasının fiziki şəxslərinin MDB ölkələri ilə apardığı əməliyyatların mənfi saldosu 29,5% artaraq 6,2 mlrd. dollara çatıb, bu da 2014-cü ildən bəri (15,1 mlrd. dollar) maksimum göstəricidir.
Eyni zamanda, 2021-ci ildə qeyri-MDB ölkələri ilə transfer əməliyyatlarının balansı artıq üçüncü ildir müsbət qalır. Xaricdən Rusiyaya daxilolmaların artması ilə Rusiyadan köçürmələr azalır. Nəticədə, 2014-cü ildə mənfi saldo (-1,6 mlrd. dollar) 2019-cu ildə müsbət olub (0,4 mlrd. dollar), 2020-ci ildə 32,3%, 2021-ci ildə isə daha 52,5% artaraq 0,8 mlrd. dollara çatıb.