Bank Of Baku

"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb

"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
# 11 sentyabr 2026 10:05 (UTC +04:00)

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Özbəkistanın “Davr-Bank”ının uzunmüddətli kredit reytinqini yüksəldib.

"APA-Economics" xəbər verir ki, agentlik bankın uzunmüddətli emitent kredit reytinqini “B” səviyyəsindən “B+” səviyyəsinə qaldırıb, qısamüddətli reytinqini isə “B” səviyyəsində təsdiqləyib. Bank üzrə proqnoz “stabil” olaraq müəyyən edilib.

“S&P” reytinq artımını “Davr-Bank”ın Azərbaycanın Beynəlxalq Bankının (ABB) strateji törəmə qurumuna çevrilməsi ilə əlaqələndirib.

Məlumata görə, 10 sentyabr 2026-cı ildə ABB “Davr-Bank”ın səhmlərinin 51%-nin alınması prosesini tamamlayıb. Agentlik hesab edir ki, zərurət yaranacağı halda “Davr-Bank” ABB-dən fövqəladə dəstək ala bilər.

“S&P”nin qiymətləndirməsinə əsasən, “Davr-Bank” ABB qrupunun ümumi aktivlərinin təxminən 10–12%-ni təşkil edir. Agentlik bildirir ki, sövdələşmə ABB-nin beynəlxalq genişlənmə və regional maliyyə oyunçusuna çevrilmə strategiyasına uyğundur.

Bildirilib ki, “Davr-Bank”ın adının gələcəkdə “ABB Davr-Bank” olaraq dəyişdirilməsi planlaşdırılır. Bununla yanaşı, iki bank arasında əməliyyat inteqrasiyasının səviyyəsi hələ müəyyən edilməyib.

“S&P” növbəti 12 ayda “Davr-Bank”ın əsas diqqətini pərakəndə və kiçik və orta sahibkarlıq kreditləşməsinə yönəldəcəyini gözləyir. Agentliyin proqnozuna görə, bankın kredit portfeli 2026-cı ildə 20–25%, 2027–2028-ci illərdə isə 30–35% arta bilər.

Agentlik həmçinin bankın xalis faiz marjasının yüksək faiz dərəcələri və daha gəlirli seqmentlərdə genişlənmə hesabına 10–10,3% səviyyəsində qalacağını proqnozlaşdırır.

“S&P” hesab edir ki, “Davr-Bank” növbəti dövrdə adekvat kapital ehtiyatlarını qoruyacaq. Agentliyin baza ssenarisinə görə, 2026–2028-ci illərdə səhmdarlardan əlavə kapital qoyuluşuna ehtiyac olmayacaq.

Bununla belə, ABB ilə inteqrasiya kreditlərin yenidən təsnifləndirilməsi, əlavə ehtiyatların yaradılması, həmçinin strategiya və dividend siyasətində dəyişikliklərlə bağlı müəyyən risklər yarada bilər.

Qeyd edək ki, “S&P Global Ratings” 15 may 2026-cı ildə “Davr-Bank”ın reytinqini mümkün artım gözləntisi ilə “CreditWatch Positive” siyahısına daxil etmişdi. Son qərarla bank həmin siyahıdan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR