Bakı. Musa Əhmədov - APA-Economics. “Atəşgah Həyat” sığorta şirkəti istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin avqustun 13-də Ağcabədidə fəaliyyət göstərən maliyyə qurumunun əməkdaşının yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı faktına görə “Atəşgah Həyat” bu sığorta növü üzrə ödəniş həyata keçirib.
Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 12 949 manat təşkil edib. Məbləğ mərhumun valideynlərinə təqdim edilib.
Bununla da, “Atəşgah Həyat” istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 1,2 mln. manatdan artıq sığorta ödənişi həyata keçirib.
Qeyd edək ki, “Atəşgah Həyat” SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.