“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Çovdar filiz emalı sahəsində istehsal edilmiş 72 ədəd qızıl-gümüş tərkibli xəlitəni saflaşdırılması və satılması məqsədi ilə İsveçrənin dünyaca nüfuzlu “Argor-Heraeus” şirkətinə göndərib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ixrac olunan xəlitələrin ümumi çəkisi 1283 kiloqramdır ki, bunun 16,3 min unsiyasını qızıl, 22.2 min unsiyasını gümüş təşkil edir. Qeyd olunan miqdarda qiymətli metalın satışından 20 mln. 905 min dollar (35,6 milyon manat) gəlir götürülüb.
Qeyd edək ki, “AzerGold” QSC ilk qızıl və gümüş ixracını may ayında 66 ədəd xəlitə ilə həyata keçirib. Cəmiyyət birinci partiyada 16 min unsiya qızıl və 24 min unsiya gümüşü sataraq 20 mln. 118 min ABŞ dolları (34 mln. 200 min manat) miqdarında vəsait əldə edib.
Xatırladaq ki, Daşkəsən rayonunun Çovdar filiz mədənində ixrac üçün hasil olunacaq qızıl və gümüş xəlitələrin miqdarının 2017-ci ilin sonunadək 160 min unsiyaya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) çatdırılması planlaşdırılır ki, bu da qiymətli metalların cari qiymətlərini nəzərə alsaq 85 mln. ABŞ dolları (təqribən 145 mln. manat) təşkil edir.