Bakı. Musa Əhmədov – “Bank VTB (Azərbaycan)” yeni məhsul – açıq bazar üçün ipoteka kreditləri, habelə bankın tərəfdaş tikinti şirkətlərindən mənzil almaq üçün kreditlər təklif edir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 1 il əmək stajı olan və sonuncu iş yerində 6 aydan az olmayaraq işləyən hər bir Azərbaycan vətəndaşı müvafiq proqram üzrə kredit əldə edə bilər. Əgər borcalan fərdi sahibkardırsa, onun biznes fəaliyyətinin müddəti altı aydan az olmamalıdır.
Kreditin maksimal məbləği 100 000 manatdır, minimal ilkin ödəniş isə 25% təşkil edir. İllik faiz dərəcəsi 12%-dan başlayan kreditin müddəti 10 ildir.
Bankın İdarə Heyətinin sədri Aleksandr Yeryomin bildirib ki, ipoteka proqramı müvafiq bazarda kütləvi istehlakçılar üçün nəzərdə tutulub: “Bizim apardığımız araşdırmalar göstərdi ki, bazarda daha yüksək məbləğlərdə kredit götürmək iqtidarında olan müştəri seqmenti var, amma bu çox da böyük deyil. Bunu nəzərə alaraq, biz kütləvi istehlakçıların marağını əsas götürərək kredit üzrə maksimal məbləği 100 min manat təyin etdik. İlkin ödəniş bizim məhsul üçün vacib şərtdir. Belə ki, bu müştərinin məsuliyyətini artırır və kredit ödənişi zamanı riskləri azaldır. Biz əminik ki, “Bank VTB (Azərbaycan)” ASC-nin ipoteka proqramı daşınmaz əmlak əldə etmək arzusunda olan ailələrə sevinc bəxş edəcək”.