Bakı - APA-Economics. “DəmirBank” əmanət çeşidi sırasını genişləndirərək, “Yığım” əmanətini müştərilərə təqdim edib. İstənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək bank filiallarında əmanət hesabı aça bilər.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Əmanət məbləğinə illik 5% hesablanır.
“Yığım” əmanətinin üstünlükləri, istənilən zaman əmanəti artırmaq imkanı, əmanət məbləğinin istənilən zaman cəriməsiz tam və ya qismən çıxarılması, müştərilərin gələcək maliyyə durumlarını sığortalanması, 3-cü şəxsin adına da açıla bilməsindən ibarətdir.
Əmanət məbləği 10 000 manat və ya dollarını keçməməlidir, keçdikdə müştərinin istəyi əsasında yığılmış məbləğ bankın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.
“Əmanət çeşidi” proqramı üzrə bank hazırda əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edir – “Göy”, “Sarı”, “Qırmızı” və “Uşaq”.
“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin banka yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.