Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Yığım” əmanətinin maksimal məbləğini artırıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Yığım” əmanəti üzrə maksimal məbləğ daha öncə 10 min manat idisə, hazırda bu məbləğ 20 min manat təşkil edir.
Qeyd edək ki, istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Yığım” əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan “Yığım” əmanətini manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Bununla yanaşı, əmanətin üzərinə istənilən vaxt əlavə məbləğ qoyula bilər. Əlavə olunan vəsaitin minimum məbləği isə məhdudiyyətsizdir. “Yığım” əmanət məbləği 20 min manat və ya ABŞ dollarını keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ “DəmirBank”ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.
“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 min manat təşkil edir.
Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.