Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “Dəmirbank”ın aktivlərinin həcmi 420,304 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,73% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,84% artaraq 318,696 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 177,635 mln. manat təşkil edib ki, bu da 2014-cü il yanvarın 1-nə olan göstəriciyə nisbətən 8,74% çoxdur.
Ötən il ərzində “Dəmirbank”ın ipoteka kreditlərinin həcmi 48,878 mln. manat olub ki, bu da 0,42% artım deməkdir. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 1,3 dəfə artaraq 15,238 mln. manat olub.
Hesabat dövründə bankın depozit portfeli 3,3% artaraq 197,281 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 175,314 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 0,64% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 5,94% artaraq 62,895 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 21 mln. manat təşkil edib.
“Dəmirbank”ın gəlirləri 2014-cü ildə 36,23% artaraq 84,898 mln. manat, xərcləri isə 40,26% artaraq 80,384 mln. manat təşkil edib.
Bir il ərzində bankın əldə etdiyi mənfəət 4 mln. 513,71 min manat təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 9,86% azalma deməkdir.
Hazırda bankın ölkə üzrə 33 filialı, 58 bankomatı, 996 POS-terminalı fəaliyyət göstərir.