Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” Nəsimi filialının yeni interyer dizaynda təmir olunmuş ofisinin rəsmi açılış mərasimini keçirib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri, S. Rüstəm küçəsi, 55 ünvanında yerləşən Nəsimi filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.
Qeyd edək ki, hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü Bakı şəhərində, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Beyləqan, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.