Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan «PAŞA Həyat Sığorta» ASC-nin 2013-cü ilin yanvar-may ayları ərzində topladığı yığımların həcmi 14,862 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 83,5% çoxdur. Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, qeyd olunan dövrdə şirkətin məcmu yığımlarında könüllü sığorta növlərinin payı 50%-ə çatıb.
Yekun hesabata görə, portfel həyatın yaşam sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, kredit götürən şəxslərin həyat sığortası və kritik xəstəliklərdən sığorta növləri üzrə daxil olan sığorta haqlarından formalaşıb.
Bundan başqa, bu ilin 5 ayında şirkət tərəfindən sığorta hadisələri üzrə 380 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün ödənişindən təxminən 3,8 dəfə çox olub. Məcmu sığorta ödənişlərində icbari sığortanın payı 91,2%, könüllü sığorta növlərinin xüsusi çəkisi isə 8,2% təşkil edib.
«PAŞA Holdinq» Şirkətlər Qrupuna daxil olan «PAŞA Həyat Sığorta» ASC 2010-cu il noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralında verilib. Bu ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.