Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 305,054 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,82% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin sonuna bankın kredit portfeli 229,071 mln. manat olub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 37,6% artım deməkdir.
Hesabat dövründə bankda istehlak kreditlərinin məbləği 3,08% azalaraq 75,432 mln. manat olub. Kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 42,18% artaraq 10,073 mln. manat təşkil edib ki, bu da mövcud kredit portfelinin 4,4%-ni təşkil edir.
Cari ilin əvvəlinə ipoteka kreditləri 12,93% azalaraq 19,043 mln. manat olub.
Bankın depozit portfeli 16,33% artaraq 194,609 mln. manata çatıb. Əhalinin əmanətləri isə 41,64% artım göstərərək 148,485 mln. manata çatıb.
“Rabitəbank” Azərbaycan Mərkəzi Bankın tələbini də artıq yerinə yetirib. Bank məcmu kapitalını hesabat dövründə 11,12% artıraraq 56 mln. 453 min manata çatdırıb.
Bankın nizamnamə kapitalı isə 6,6% artaraq 48 mln. 500 min manat təşkil edib.
Ötən il bankın gəlirləri 1,77 dəfə artaraq 52,544 mln. manat, xərcləri isə 1,83 dəfə artaraq 26,364 mln. manat təşkil edib.
Ötən il “Rabitəbank”ın bankın əldə etdiyi mənfəət 3 mln. 139 min manat olub.
Bankın hal-hazırda ölkə üzrə 24 filialı, 48 bankomatı, 433 POS-terminalı fəaliyyət göstərir.