“Azərbaycanda əsas makroiqtisadi göstəricilər sabitləşdiyindən ölkə üzrə iqtisadi risk meylini neqativdən stabilə yüksəltmişik”.
“APA-Ecoomics” xəbər verir ki, bu barədə “Standard & Poor's” beynəlxalq reytinq agentliyinin “Avropa, Yaxın Şərq və Afrika ölkələrinin maliyyə institutlarının 2018-ci ilin 2-ci rübünə dair monitorinqi” adlı hesabatda qeyd olunub.
Bildirilir ki, ölkədə maliyyə sisteminin zəif olmasına baxmayaraq, agentliyin mütəxəssisləri maliyyə sisteminin ölkənin inkişafı ilə birgə tədricən yaxşılaşacağına inanır. “Eyni zamanda, düşünürük ki, Azərbaycan iqtisadiyyatının bank sektorundan güclü asılılığı hələ də qalmaqdadır. Bu özünü bankların hesabatlarında kredit xərclərinin və qeyri-işlək kreditlərinin həcminin yüksək olmasında da göstərir. 2018-ci ildə banklarda kreditləşmənin daha da pisləşəcəyini proqnozlaşdırırıq,” – deyə hesabatda vurğulanıb.
Hesabat müəllifləri qeyd edir ki, bu il restrukturizasiya olunmuş kreditlər də daxil olmaqla problemli kreditlərin həcmi ümumi kredit portfelinin 23%-25%-nə yüksələcək ki, bunun da üçdə bir hissəsi restrukturizasiya olunmuş kreditlərin payına düşəcək.