Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank”ın əməkdaşı dünya rekordunu qırıb.
Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bankın “Regional problemli kreditlər şöbəsi”nin əməkdaşı Balı Hacıyev aprelin 22-27-də Gürcüstanda “Powerlifting” idman növü üzrə böyüklər arasında keçirilən Avropa Kuboku yarışında ölkəmizi layiqincə təmsil edib.
“Unibank” əməkdaşı ştanqı yerdən bir dəfəyə dartma hərəkətində 350 kq ağırlığın öhdəsindən gələrək, yeni dünya rekordunu müəyyən edib və qızıl medala layiq görülüb. Bu möhtəbər yarışda Balı ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edib.
Qeyd edək ki, Balı Hacıyev ötən ilin iyununda Bakıda keçirilən “Powerlifting” idman növü üzrə Avropa çempionu olub.