Bakı. Vahab Rzayev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti yeni «AXA Messenger» adlı xidməti öz agentlərinə təqdim edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «AXA Messenger» şirkətinin ümumi sığortaçılıq proqramı olan «Phoenix» sistemi əsasında hazırlanmış bir rəqəmsal kampaniya idarəsi («Digital Campaign Managment») moduludur.
Bu modul vasitəsilə agent öz adından (şirkətdən müstəqil olaraq), öz müştərilərinə həm fərdi, həm də toplu şəkildə Email və ya SMS-bildirişləri vasitəsi ilə marketinq xəbərləri yaya bilər. «AXA Messenger» agentlərin qeydiyyat bazası ilə online rejimdə işlədiyi üçün, Email ve SMS-bildirişləri müştəriyə mühüm hadisələr haqqında vaxtında xəbər çatdırmaq imkanı yaradacaq. Belə ki, agentlər bu yolla sığorta ödənişinin vaxtı, sığorta müqaviləsinin başa çatması və yaxud uzadılması gününün yaxınlaşdığı barədə xatırlatmalar və bunun kimi başqa xəbərləri öz vaxtlarına uyğun çatdırıla bilərlər. Bununla yanaşı, agent SMS-bildirişlər vasitəsilə özü tərəfindən xüsusi təklif, aksiya, yeni xidmətlər bildirə, yaxud sığorta şirkətinin fəaliyyətinə dair müştəri üçün əhəmiyyətli olan başqa məlumatları ötürə bilər. Təbii ki, SMS-bildirişləri həmçinin müştərini bayram və ya şəxsi əlamətdar günləri münasibətilə təbrik etmək üçün də göndərilə bilər.
«AXA-Mbask» İdarə Heyətinin sədrinin birinci müavini Selçuk Adıgüzel qeyd edib ki, «AXA Messenger» agentlərə öz bizneslərini daha asan və çevik idarə etməkdə yardımçı olar və bu, şübhəsiz, onların məhsuldarlığına, səmərəli fəaliyyətinə töhfə olacaq. «Agent Şəbəkəsi İdarəsin əsas vəzifəsi şirkətin bütün resurslarının və iş görmə metodlarının agentlerin ehtiyaclarına uyğun formalaşdırılmasıdır. Məqsəd odur ki, agentlərimiz daxili əməliyyatlarına sərf etdikləri vaxtı azaldıb, daha çox satış edərək, daha çox gəlir imkanı eldə etsinlər. Biz daim xidmət səviyyəsini yüksəltməyə çalışaraq ən müasir informasiya texnologiyaları tətbiq edirik. Bu layihələr agentlərimizin müştəri ilə təmaslarını və xidmətlərin keyfiyyətini artıraraq, satış potensialını qaldırır. Təcrübədən də gördüyümüz kimi, çox səmərəli olur», - deyə S.Adıgüzel bildirib.
Sığorta xidmətlərini daim təkmilləşdirməyi qarşıya məqsəd qoyan «AXA-Mbask» geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Qısa müddət ərzində şirkətin həm paytaxtda, həm də bölgələrdə yaratdığı çoxşaxəli agent şəbəkəsi bu gün 80-dən artıq agentliklə ölkədə ən böyüyüdür.