Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq çərçivəsində elektron imza sertifikatlarının verilməsi üzrə xidmətin göstərilməsinə başlayır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu əməkdaşlıq Məlumat Hesablama Mərkəzinin bank sektorunda ilk və yeganə əməkdaşlığıdır.
Elektron imzanın məqsədi ictimai xidmətləri vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ və daha rahat şəkildə təqdim etməkdir. Bank kreditlərindən istifadə zamanı elektron imza sahibləri 2%-lik endirim alacaqlar.
Elektron imza internet aləmində imza sahibinin şəxsiyyətinin identikləşdirilməsi vasitəsidir. Elektron imza kağız üzərində qoyulan əl imzasına bərabərdir və imzalanmış istənilən elektron informasiya qəbul edən tərəfə bildirir ki, məlumat göndərən şəxs həqiqətən də göstərilən insandır. E-imzaya sahib olan Azərbaycan vətəndaşı mənzilindən çıxmadan, əlavə xərclər çəkmədən dövlət orqanına və ya özəl quruma ərizə yaza, sorğu göndərə və ona rəsmi şəkildə cavab ala bilər. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir koddur. Elektron imzanı fiziki və hüquqi şəxslər, habelə dövlət idarələri əldə edə bilər.
Azərbaycanın qanunvericiliyinə əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.
Daha ətraflı məlumatı 145 Məlumat Mərkəzindən və www.facebook.com/bankofbaku saytından almaq mümkündür.