Bakı – APA-Economics. Yay mövsümündə nağdsız ödənişləri daha da təşviq etmək məqsədi ilə «Bank of Baku» ASC «Bolkart» sahiblərini mükafatlandırmağa başlayır.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Yay çempionları» adlı mükafatlandırma kampaniyası çərçivəsində ən fəal «Bolkart» sahibləri maddi mükafatlar və hədiyyələr əldə edəcək. Kampaniya iyunun 22-dən avqustun 22-dək davam edəcək.
Mükafatlandırma kampaniyası iki mərhələdən ibarətdir. Birinci mərhələ iyunun 22-dən iyulun 21-dək, ikinci mərhələ isə iyulun 22-dək avqustun 22-dək keçiriləcək.
Hər iki mərhələ müddəti ərzində, say etibarilə ən çox alış-veriş etmiş «Bolkart» müştəriləri mükafatlandırılacaq.
Alış-veriş geyim, aksessuar və parfümeriya sahəsini (kişi və qadın geyimi, aksessuar, parfümeriya, uşaq geyimi və ayaqqabı mağazalarında say etibarilə ən çox alış veriş edən 5 nəfərin hər biri 200 manat mükafat qazanacaq), supermarketlər, şirniyyat dükanları və restoranlar sahəsini (bu sahəyə aid olan ticarət subyektlərində say etibarilə Bolkartdan ən çox istifadə edən 3 nəfərin hər biri 200 manat mükafat qazanacaq), elektronika və ev əşyaları sahəsini (məişət texnikası, mobil telefon və mebel mağazalarında ən çox alış veriş edən 2 nəfərin hər biri 200 manat qazanacaq) və digər sahələri (bütün digər ticarət subyektlərində 1 nəfər 200 manat əldə edəcək) əhatə etməlidir.
Bankın təqdim etdiyi pul mükafatlarından başqa, qaliblərə «Bolkart» tərəfdaşlarının da xüsusi sürpriz hədiyyələri təqdim olunacaq.