Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin iyunun 1-nə «TuranBank» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 22,8%, ilin əvvəli ilə müqayisədə isə 5,3% artaraq 228,6 mln. manat təşkil edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 8,8%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 22,6% artaraq 175,5 mln. manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2012-ci il iyulun 25-də fəaliyyətdə olan bankların məcmu kapitalının 2014-cü il yanvarın 1-dək 50 mln. manata qədər artırılmasına dair qərar qəbul edib. «TuranBank»ın nizamnamə kapitalı yenidən kapitallaşma prosesi nəticəsində iyunun 1-i vəziyyətinə 40 mln. manata çatdırılıb və ilin əvvəli ilə müqayisədə 33,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68% artım müşahidə olunub. Bankın məcmu kapitalı isə ilin əvvəlinə nisbətən 35,2% artaraq 43,1 mln. manata çatıb. Bu da öz növbəsində Mərkəzi Bankın kapital artımı ilə bağlı banklar qarşısında qoyduğu tələbin böyük ölçüdə icra olunduğunu göstərir.
Bu ilin yanvar-may ayları üzrə bankın depozit portfeli 2012-ci ilin analoji dövrü ilə müqayisədə 8,2% artıb. Depozit portfelinin strukturunda əhalinin müddətli əmanətləri isə 2012-ci ilin analoji dövrü ilə müqayisədə 20,6% artaraq 50,3 mln. manat təşkil edib.
Qeyd edək ki, bankın səhmdarları qismində 5 hüquqi (23,84%) və 22 fiziki şəxs (76,16%) çıxış edir.
Yanvar-may ayları üzrə «TuranBank»ın gəlirləri 10,8 mln. manat, xərcləri 8,6 mln. manat, balans mənfəəti isə 2,2 mln. manat təşkil edib.
Hazırda Bankın ölkə üzrə 14 satış nöqtəsi (7-si regionlarda - Gəncə və Sumqayıt şəhərlərində, habelə Tovuz, Zaqatala, Ağstafa, Xaçmaz və Qazax rayonlarında yerləşir) və 20 valyuta mübadiləsi şöbəsi fəaliyyət göstərir.
Hazırda bank öz müştərilərinə “Western Union”, “Xpress Money”, “Contact”, “Migom”, “Zolotaya Korona”, “Privatmoney”, “Allure”, “Blizko”, “IBA-Express” və “Monex” kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.