Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın «Turanbank» ASC nizamnamə kapitalının artırılması məqsədi ilə səhmdarları sırasına xarici investorlar cəlb etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın Müşahidə Şurasının sədri Fuad Musayev bildirib.
Onun sözlərinə görə, bankın 2015-ci ilədək dövrü əhatə edən ortamüddətli strategiyasına əsasən, bankın səhmlərinin 25%-i xarici investorlara təklif ediləcək. Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Azərbaycan Mərkəzi Bankının tələblərinə görə isə 2013-cü ilin sonunadək Azərbaycandakı bank təşkilatları minimal məcmu kapitalını 50 mln. manata çatdırmalıdır.
F.Musayev bildirib ki, kapitalın tələb olunan həddə çatdırılması üçün «Turanbank» oktyabrda 10 mln. manat həcmində əlavə səhm emissiyası həyata keçirəcək. Hazırda bankın menecmenti səhmdarlar sırasına xarici investorların da cəlb olunması üçün danışıqlar aparır: «Hətta xarici investorlar olmasa da, mövcud səhmdarlar öz imkanları hesabına bankın nizamnamə kapitalının 50 mln. manata qaldırılmasına hazırdırlar».
Xatırladaq ki, təsisçisi 5 hüquqi (20,81%) və 22 fiziki şəxs olan (79,19%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin mayın 1-nə bankın aktivləri 230,1 mln. manat, kredit portfeli 170,2 mln. manat təşkil edib. Hazırda bankın 14 satış məntəqəsi (o cümlədən, 7 regional) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.