Bank Of Baku

"Bank of Baku" fiziki məhdudiyyəti olanlar üçün təlim keçirir

"Bank of Baku" fiziki məhdudiyyəti olanlar üçün təlim keçirir
# 01 oktyabr 2015 07:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Hər zaman korporativ sosial məsuliyyət siyasəti çərçivəsində faydalı layihələr reallaşdıran “Bank of Baku” bu dəfə “Müstəqil Həyat” İnkişaf və Dəstək mərkəzi ilə birgə “Məhdudiyyətlərə meydan oxuyaq!” adlı yeni sosial layihəyə başlayır.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, layihə fiziki məhdudiyyəti olmağına baxmayaraq oxumaq, öyrənmək, inkişaf etmək, işləmək istəyən insanlar üçün nəzərdə tutulub.

 

Qeydiyyatdan keçmiş iştirakçılar arasında müvafiq meyarlara cavab verənlərə 1 ay ərzində bank tərəfindən dəvət edilmiş yerli mütəxəssislər tərəfindən sosial şəbəkələrin idarə edilməsi, məlumat mərkəzi işi, şəbəkə adminstratorluğu, helpdesk, bloqçuluq, psixologiya, motivasiya mövzuları haqqında təlimlər keçiriləcək.

 

Təlimləri uğurla bitirən məzunlara “Bank of Baku” adından xüsusi sertifikatlar təqdim ediləcək. Həmçinin, bankın saytında, sosial şəbəkələrdəki rəsmi səhifələrdə ictimaiyyətin və şirkət rəhbərlərinin diqqətini cəlb etmək məqsədilə hər bir məzun haqqında ətraflı məlumat (xüsusi istedadları və təhsilləri qeyd edilməklə) yerləşdiriləcək. “Əminik ki, bu layihə bir çox şirkət rəhbərlərinin diqqətini cəlb edəcək və bizim məzunlar qısa zaman ərzində iş yeri ilə təmin olunacaqlar. Qeyd edək ki, “Bank of Baku” da öz növbəsində məzunların istedadlarını təhlil edib bankda işlə təmin etmək məsələsini nəzərdən keçirəcək. Üstəlik, geniş partnyor şəbəkəsinə malik olan “Bank of Baku” həmin şirkət rəhbərlərinin diqqətini də bu layihəyə cəlb edəcək. Fiziki məhdudiyyətlərə meydan oxuyaraq yeni nailiyyətlər əldə etmək istəyən hər kəsi təlimlərə dəvət edirik”, - deyə bankdan bildirilib.

 

Təlimlərə qoşulmaq üçün http://www.bankofbaku.com/social/KSM.html səhifəsində qeydiyyatdan keçmək kifayətdir. Müraciətlər 14 oktyabradək qəbul ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR