«APA-Economics»in xəbər verdiyi kimi, bunu AMB sədrinin birinci müavini Alim Quliyev bildirib.
Qeyd edək ki, hazırda ölkədə plastik kartlarla aparılan əməliyyatların həcminin təxminən 94-95%-i nağd pulların çıxarılması üzrə əməliyyatların payına düşür. A.Quliyevin sözlərinə görə, ilk növbədə söhbət AMB-ni qane etməyən bu yüksək göstəricinin əhəmiyyətli dərəcədə aşağı salınmasından gedir. Ölkədə hazırda təxminən 5 mln. plastik kart var, lakin müxtəlif tədbirlər həyata keçirmədən, yalnız kartların sayını artırmaqla hər hansı müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bu səbəbdən AMB nağdsız ödənişlərin artırılması və nağd ödənişlərin məhdudlaşdırılması üzrə müəyyən tədbirlər həyata keçirir. Həmçinin, hökumətə bununla bağlı təqdim edilən təkliflər paketində daha ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.
Bundan əlavə A.Quliyev bəyan edib ki, hazırda Azərbaycanda müşahidə olunan nağd pulların ümumi pul kütləsində xüsusi çəkisi əvvəlki illərlə müqayisədə müəyyən dərəcədə aşağı düşsə də, hələ də yüksək səviyyədədir və AMB-ni qane etmir. Qeyd edək ki, bu göstərici 65-68%-ə bərabərdir ki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə nəzərə çarpan dərəcədə çoxdur. A.Quliyev qeyd edib ki, nağdsız ödənişlərin artırılması və nağd ödənişlərin məhdudlaşdırılması tədbirləri nəticəsində bu göstəricinin əhəmiyyətli şəkildə azaldılması və inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşması gözlənilir.