Azərbaycan Mərkəzi Bankı ölkədə nağdsız ödәnişlәrin inkişafı layihәsi üzrә xәrclәrini açıqlayıb.
"APA-Economics” AMB-nin yaydığı maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il bu layihə üçün 997 min manat xərclənib.
Qeyd edək ki, 2017-ci ilin iyul ayından həyata keçirilən "Nağdsız Azərbaycan" layihəsi üç mərhələdən ibarətdir. Ötən ilin sonunda yekunlaşan birinci və ikinci mərhələ üzrə mövcud vəziyyət araşdırılıb, nağd iqtisadiyyatın həcmi müəyyənləşdirilib, nağd pul vəsaitindən istifadənin əsas səbəbləri qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə görə, Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur. Buna baxmayaraq, ölkədə nağdsız ödəmələrin inkişafı üçün böyük potensial var və bu istiqamətdə yeni prioritetlər müəyyənləşdirilir. Layihənin nağdsız ödənişlər sektorunun inkişafına dair strategiyanın müəyyənləşdirilməsini nəzərdə tutan sonuncu mərhələsi üzrə işlər 2018-ci ilin mart ayında yekunlaşıb və həmin plan əsasında geniş fəaliyyət proqramının layihəsi hazırlanıb.
Xatırladaq ki, Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev "Nağdsız Azərbaycan" layihəsinin ümumi platforma, dövlətin nağdsız iqtisadiyyatın inkişafına dair strateji baxışları olduğunu bildirib . Həmin layihə əsasında hazırlanan "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nı əsas hədəfi isə ölkənin rəqəmsal transformasiyasını və nağdsız ödənişlərə keçidi təmin edən sistemli və kompleks tədbirləri nəzərdə tutur.
Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, 2018-ci ildə "Nağdsız Azərbaycan"la yanaşı, "Ani ödənişlər", "3D bank sektorunda blokçeyn texnologiyalarına keçid" proqramları da həyata keçiriləcək. Nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən hər üç layihənin icrasında bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq davam etdirilir. Birgə yaradılmış işçi qrup nəzərdə tutulan tədbirlər planını həyata keçirəcək.